1800-ə yaxın namizəd arasından seçilmiş 33 təcrübəçinin Mərkəzi Bankda 2 ay boyunca davam edən maraqlı və həyəcanlı səyahəti başa çatdı.
“Maliyyəçisən” təcrübə proqramının məzun günü münasibətilə keçirilən tədbirdə təcrübəçilərə təşkilatımızın inkişafına verdikləri töhfəyə görə təşəkkür edərək onlara gələcək karyeralarında uğurlar arzuladıq.
Tədbir zamanı təcrübəçilərimiz daha öncədən komandalara bölünərək hazırlamış olduqları layihələri münsiflərin diqqətinə çatdırdılar. Mərkəzi Bankın rəhbər heyətinin təmsil olunduğu münsiflər heyəti ən uğurlu layihəni qiymətləndirərək komandanı mükafatlandırdılar.
Məzun günü təcrübəçilər üçün daha bir məqamla yadda qaldı. Belə ki, Mərkəzi Bankın sədri Taleh Kazımov tədbirə qatılaraq iştirakçılara ən səmimi arzularını çatdırdı. Sədr təcrübəçiləri maraqlandıran sualları da cavabsız qoymadı. O, öz təcrübəsindən ən maraqlı xatirələri bölüşərək gəncləri çağırışlardan çəkinməməyə, daha cəsarətli olmağa və peşəkar inkişafa önəm verərək inamla irəliləməyə səslədi.
Mərkəzdən başlayan addımın təcrübəçiləri karyera yolunda yeni üfüqlərə doğru aparacağına inanır, onlara müvəffəqiyyət arzulayırıq!