
Maliyyə Nazirliyi və Beynəlxalq Valyuta Fondu (IMF) dövlət müəssisələrinin maliyyə dayanıqlığının qiymətləndirilməsi üçün stress-test alətlərinin tətbiqini müzakirə edib. Bu barədə “Report” nazirliyə istinadən məlumat yayıb.
Məlumata görə, müzakirələr nazir müavini Anar Kərimovun ölkəmizdə səfərdə olan IMF-in Fiskal Məsələlər Departamentinin baş iqtisadçısı Nino Çelişvilinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü çərçivəsində aparılıb.
Görüşdə dövlət müəssisələrinin monitorinqi və hesabatlılığı üzrə mövcud çərçivələr, həyata keçirilən islahatlar, eləcə də institusional mexanizmlərin təkmilləşdirilməsi və fiskal risklərin idarə olunması məsələləri geniş müzakirə olunub. Eyni zamanda, nazirlik yanında fəaliyyət göstərən Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinin fəaliyyəti, dövlət müəssisələrinin maliyyə vəziyyətinin qiymətləndirilməsi və bu sahədə beynəlxalq təcrübələrin tətbiqi istiqamətində fikir mübadiləsi aparılıb.
Anar Kərimov bildirib ki, son illərdə bu sahədə həyata keçirilən islahatlar şəffaflıq və hesabatlılıq səviyyəsinin artmasına mühüm töhfə verib. Onun sözlərinə görə, institusional çərçivənin daha da gücləndirilməsi və fiskal risklərin effektiv idarə olunması prioritet olaraq qalır.
Nino Çelişvili isə dövlət müəssisələrinin sağlamlığının qiymətləndirilməsi üçün stress-test alətlərinin tətbiqinin vacibliyini vurğulayıb və bu sahədə institusional potensialın artırılması üçün texniki əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib.
Qeyd edək ki, mayın 4-dən 15-dək davam edəcək səfər çərçivəsində IMF nümayəndə heyətinin Maliyyə Nazirliyi ilə yanaşı digər dövlət qurumlarında da görüşlər keçirəcəyi, dövlət müəssisələrinin fəaliyyəti, idarəetmə təcrübələri və islahatlar üzrə müzakirələr aparacağı planlaşdırılır.




