
Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi strategiyası çərçivəsində qeyri-neft-qaz sektoru iqtisadi artımın əsas drayverinə çevrilib.
BBN.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən “Vergi sistemində gələcəyə baxış: Yeni idarəetmə modeli və data əsaslı qərarlar” Forumunda deyib.
Nazirin sözlərinə görə, 2021-2025-ci illərdə qeyri-neft-qaz sektorunda ÜDM-in orta illik real artımı 5,9 % təşkil edib və bu sahə iqtisadi genişlənmənin əsas mənbələrindən biri olub.
“İqtisadiyyatın şaxələndirilməsində özəl sektor mühüm rol oynayır və bu istiqamətdə dövlət dəstəyi davam etdirilir. Son illərdə özəl sektora göstərilən dəstəyin əsas hissəsini vergi və gömrük güzəştləri təşkil edib. Həyata keçirilən tədbirlər ölkə iqtisadiyyatında mühüm struktur dəyişikliklərinə səbəb olub və özəl sektorun vergi daxilolmalarında payının artmasına gətirib çıxarıb. Belə ki, ötən il qeyri-neft-qaz özəl bölməsindən daxilolmalar qeyri-neft-qaz sektoru üzrə ümumi daxilolmaların 76 %-ni təşkil edib”.
Nazir bildirib ki, 2025-ci ildə qeyri-neft-qaz özəl sektoruna yönəlmiş əsas kapitala investisiyalar 11,1 % artıb.
“Xarici mənbələrdən əsas kapitala investisiyalarda isə 24 % artım qeydə alınıb. Eyni zamanda qeyri-neft-qaz sənayesinə yatırılan investisiyalar 26 %-ə qədər yüksəlib. 2021–2025-ci illərdə qeyri-neft-qaz sənayesində əlavə dəyər orta illik hesabla 8 % artıb. Bu dinamika nəticəsində qeyri-neft-qaz sektorunun ÜDM-də payı 2018-ci ildəki 58,3 %-dən 2025-ci ildə 71,5 %-ə çatıb”.




