Home » Milli Məclisdə büdcə zərfinə daxil olan bir sıra qanun layihələri müzakirə olunub

Milli Məclisdə büdcə zərfinə daxil olan bir sıra qanun layihələri müzakirə olunub

by anar
0 comment 3 views 5 minutes read

Noyabrın 6-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin payız sessiyasında növbəti iclası keçirilib. Komitə sədri Tahir Mirkişili iclasın gündəliyinə birinci oxunuşda olan 7 məsələnin daxil edildiyini, bunlardan 6-nın 2024-cü ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri olduğunu söyləyib.

Tahir Mirkişili, əvvəlcə, gündəliyin 1-ci məsələsi – Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə fikirlərini açıqlayıb. O, bildirib ki, 2024-cü ilin dövlət büdcəsində gəlirlərin 14 milyard manatı Dövlət Vergi Xidmətindən yığılan gəlirlərə aiddir. Bunun 10 milyard manatı qeyri-neft sektorundan, 4 milyard manatı isə neft sektorundan yığılan vergilərə aiddir. Komitə sədri Vergi Məcəlləsinə edilən dəyişikliklərin əksəriyyətinin sahibkarlıq sahəsində edilən güzəştlərlə bağlı olduğunu deyib. Bildirib ki, ümumilikdə təklif edilən dəyişikliklərdə güzəştlərin ümumi həcmi növbəti il üçün 80 milyon manata yaxındır.

Komitə sədri qeyd edib ki, bu gün şəffaflığın artırılması yönündə iqtisadi proseslərin təşviq olunması, sosial siyasət sahəsində aparılan islahatlar sosial xarakterli tədbirlərin həcminin artırılmasına imkan verir. O, bildirib ki, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda bu sahədə güzəştlərlə bağlı konkret hədəflər mövcuddur. Bütövlükdə Vergilər Məcəlləsinə edilən dəyişikliklər ölkədə biznes mühitinin inkişafına, etimad mühitinin güclənməsinə, habelə dövlət büdcəsinin gəlirlərinin artmasına xidmət edir.

Sonra Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli çıxış edərək, rəhbərlik etdiyi qurumun əsas fəaliyyətinin biznesin stimullaşdırılmasına, vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın, habelə vergi mədəniyyətinin səviyyəsinin yüksəldilməsinə yönəldiyini söyləyib. O, son dövrlərdə Vergi Məcəlləsinə, həm həcm, həm də mahiyyət baxımından ciddi dəyişikliklərin edildiyini deyib. Qeyd edib ki, əsas məqsəd sahibkarlığın, xüsusilə kiçik və orta  biznesin dəstəklənməsi sahəsində qanunvericiliyin təkmilləşdirilməsi olub.

Xidmət rəisi bildirib ki, sahibkarlığın inkişafı prioritetlərinə uyğun olaraq, kiçik və orta sahibkarlığın fəal təşviqi, son illərdə bu qəbildən olan dəstək tədbirlərinin sayının artırılması özəl sektorun inkişafının sürətləndirilməsini təmin edib və bu kateqoriya vergi ödəyicilərinin vergi yükünün səviyyəsinin əhəmiyyətli dərəcədə azalmasına səbəb olub. O, bu gün vergi siyasətində sahibkarlığın gücləndirilməsi, dayanıqlı gəlirlər sisteminin formalaşması, bazar rəqabətliliyinin qorunması, biznesin təşviqi, vergi yükünün optimallaşdırılması kimi amillərin əhəmiyyətindən danışıb.

Orxan Nəzərli diqqətə çatdırıb ki, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərin əsas məqsədi biznes yükünün optimallaşdırılması, sahibkarlıq subyektlərinin fəaliyyəti üzrə vergi güzəştlərinin hədəfli tətbiqi, kölgə iqtisadiyyatının əhatə dairəsinin daraldılması, vergi orqanlarının risk əsaslı nəzarət sisteminin qurulması, mikro sahibkarlıq subyektlərindən kiçik sahibkarlıq subyektlərinə keçidin stimullaşdırılması, sosial dəstək mexanizmləri vasitəsilə əhalinin maliyyə-vergi yükünün azaldılmasıdır. Dəyişikliklər, əsasən, maliyyə, səhiyyə, kənd təsərrüfatı, turizm, nəqliyyat və digər sektorları əhatə edir. Təklif olunan dəyişikliklər nəticəsində dövlət büdcəsinə 121,5 milyon manat gəlir, 79,5 milyon manat itki, ümumilikdə isə 42 milyon manat büdcə daxilolmaları gözlənilir.

İclasda Dövlət Vergi Xidmətinin baş idarə rəisi Nicat İmanov çıxış edərək, Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər barədə ətraflı məlumat verib. O, Məcəlləyə edilən dəyişikliklərin 71 əsas maddə üzrə 201 alt-maddədən ibarət olduğunu deyib. Bildirilib ki, layihədə sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin vergi yükünün azaldılması, vergi nəzarəti mexanizminin təkmilləşdirilməsi, vergitutma bazasının genişləndirilməsi və vergi inzibatçılığı tədbirlərinin təkmilləşdirilməsi istiqamətləri üzrə dəyişiklikləri əhatə edən müddəalar öz əksini tapıb. Dəyişikliklərin bir çox sahələri, o cümlədən maliyyə, səhiyyə, kənd təsərrüfatı, lizinq, nəqliyyat sektorlarını əhatə etdiyi qeyd olunub.

Sonra Nicat İmanov sözügedən istiqamətlər üzrə Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliklər barədə slaydlar vasitəsi ilə təqdimatı diqqətə çatdırıb.

Tədbirdə iştirak edən Mərkəzi Bank sədrinin birinci müavini Rəşad Orucov maliyyə-bank sistemi ilə bağlı təklif olunan dəyişiklər barədə fikirlərini söyləyib. O, fiziki şəxslərin depozitlərinin  faiz dərəcələri üzrə verilən güzəştlərin mahiyyəti barədə danışıb. Qeyd edib ki, layihəyə hər bir bankda milli valyutada olan əmanətlər üzrə hesablanan aylıq faiz gəlirlərinin 200 manatadək olan hissəsinin fiziki şəxslərin gəlir vergisindən azad edilməsi ilə bağlı müddəa əlavə edilib. Bununla yanaşı, layihədə əmanətlərin uzunmüddətli yerləşdirilməsinin təşviq edilməsi məqsədilə banklar tərəfindən fiziki şəxslərin depozitlərinin 18 ay və daha çox müddətə yerləşdirilməsi ilə bağlı güzəştlərin nəzərdə tutulduğu qeyd olunub.

Rəşad Orucov çıxışında İcbari Sığorta Bürosu ilə bağlı məsələyə də toxunub və  qurumun icbari sığorta sisteminin sabitliyinin və inkişafının təmin edilməsində rolundan danışıb.

Sonra Vergi Məcəlləsinə edilən dəyişikliklərlə bağlı müzakirələr aparılıb. Komitənin sədr müavini Əli Məsimli, üzvləri Mahir Abbaszadə, Vahid Əhmədov, Vüqar Bayramov, Məşhur Məmmədov, Rüfət Quliyev, Aydın Hüseynov sənədin mükəmməl hazırlandığını, təklif olunan düzəlişlərin mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər. Millət vəkilləri bəzi qeyd və təkliflərini də diqqətə çatdırıblar.

Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli və Mərkəzi Bank sədrinin birinci müavini Rəşad Orucov deputatların qaldırdıqları məsələlərə aydınlıq gətiriblər.

Müzakirələrin sonunda Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Sonra komitə sədri Tahir Mirkişili gündəlikdəki digər 6 məsələni təqdim edib.

Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi ilə bağlı bildirilib ki, sənəddə məhdud məsuliyyətli və ya  səhmdar cəmiyyətlərinə qarşı pul tələbinə malik olan şəxslərin pul tələblərini əvəzləşdirməklə nizamnamə kapitalına maya qoyması və ya əlavə buraxılmış səhmləri əldə etməsi, maliyyə bazarlarında nəzarət edilən subyektlərə münasibətdə isə bu prosesin maliyyə bazarlarını tənzimləyən qanunlarda mühüm iştirak payının əldə olunmasına dair tələblər nəzərə alınmaqla həyata keçirillməsi ilə bağlı müddəalar nəzərdə tutulub. Həmçinin, layihədə məhdud məsuliyyətli və ya səhmdar cəmiyyətlərinə qarşı pul tələbinə malik olan şəxslərin pul tələblərinin əvəzləşdirilməsi mexanizmi nəzərdə tutulub.

Növbəti məsələdə – “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə layihədə bildirilir ki, qanunun 3.4.11-ci və 3.4.12-ci maddələrində göstərilən tələblər bir nəzarət-kassa aparatının çeki üzrə hesablaşmalara şamil edilir.

Digər iki məsələ – “Sığorta fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə və “Banklar haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələrinə uyğun olaraq, ləğv edilən sığortaçının və müflis bankın dövlət büdcəsinə və büdcədənkənar dövlət fondlarına ödəməli olduğu vergi və digər məcburi ödənişlərin heç bir müddət məhdudiyyəti tətbiq edilmədən tam məbləğdə ödənilməsi nəzərdə tutulur.

Gündəliyin daha bir məsələsi – “Gömrük tarifi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi mal, xammal və avadanlıqların idxalını dəstəkləmək məqsədilə müvafiq qurumlar tərəfindən bir sıra malların idxalının, eləcə də  müəyyən məqsədlər, o cümlədən humanitar yardımın göstərilməsi, müdafiə təyinatlı məmulatların yaradılması və istehsalı üçün malların idxalının gömrük rüsumlarından azad edilməsi məqsədilə hazırlanıb.

Bildirilib ki, sonuncu məsələdə – “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanunlarının icrası ilə əlaqədar  bəzi qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsində uyğunlaşdırma xarakterli düzəlişlər öz əksini tapıb.

Gündəliyin bu 6 məsələsi də birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

İclasda aidiyyəti qurumların nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.