
Milli Məclisin bugünkü plenar iclasında Əmək Məcəlləsinə, Mülki Məcəlləyə, “Valyuta tənzimi haqqında”, “Banklar haqqında”, “İnvestisiya fondları haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” qanunlara dəyişikliklər III oxunuşda qəbul olunub.
BBN.az xəbər verir ki, dəyişikliklər ölkədə startap ekosisteminin, vençur investisiyalarının və işçilərin şirkətlərin kapitalında iştirakının təşviqinə yönəlib.
Qanunvericiliyə ilk dəfə olaraq “İşçilərin pay (səhm) iştirakı planı haqqında müqavilə” anlayışı daxil edilir. Yeni mexanizm şirkətlərə işçilərə pay və ya səhmləri güzəştli şərtlərlə, yaxud ödənişsiz təqdim etmək imkanı yaradır. Payların işçinin tam mülkiyyətinə keçməsi müəyyən müddət şirkətdə işləmək və ya konkret biznes hədəflərinə nail olmaq kimi şərtlərdən asılı olacaq.
Dəyişikliklərə əsasən, işçilərin bu çərçivədə əldə etdikləri pay və səhmlər əməkhaqqı hesab edilməyəcək və əməkhaqqının əvəzi kimi ödənilə bilməyəcək.
Mülki Məcəlləyə edilən dəyişikliklər isə startapların və investisiya mühitinin idarə olunmasını asanlaşdıran yeni korporativ mexanizmləri nəzərdə tutur. Şirkət iştirakçıları və səhmdarlar öz aralarında korporativ müqavilələr bağlaya, səsvermə qaydalarını, payların satışı şərtlərini və mübahisələrin həlli mexanizmlərini müəyyən edə biləcəklər.
Bundan başqa, vençur biznesində geniş istifadə olunan birgə satış hüququ (Tag-along), məcburi satış hüququ (Drag-along) və ilk imtina hüququ (ROFR) kimi mexanizmlər də qanunvericilikdə təsbit edilir.
Yeni dəyişikliklər şirkətlərə gələcəkdə paya çevrilə bilən maliyyə alətlərindən, o cümlədən konvertasiya olunan borc və SAFE (Simple Agreement for Future Equity) mexanizmlərindən istifadə etməyə imkan verir.
“Valyuta tənzimi haqqında” qanuna edilən dəyişikliklər isə startaplar və investorlar üçün bir sıra güzəştlər nəzərdə tutur. Xarici mənbələrdən əldə olunan vəsaitlərin ölkəyə gətirilməsi və xaricə köçürülməsi üzrə məbləğ məhdudiyyətləri aradan qaldırılır.
Bundan əlavə, vençur kapitalı fondlarına xaricdəki startaplara limitsiz investisiya yatırmaq imkanı verilir. Akkreditə olunmuş fərdi investorlar üçün isə xaricə investisiya köçürmə limiti bir təqvim ili ərzində 2 milyon ABŞ dolları ekvivalentində müəyyən edilib.
Dəyişikliklər, həmçinin, rezident şirkətlərə proqram təminatı və innovativ məhsulların hazırlanması məqsədilə xaricdəki törəmə şirkətlərinə vəsait köçürməyə, eləcə də xarici bulud xidmətləri və rəqəmsal lisenziyalar üçün aylıq 200 min ABŞ dollarınadək ödənişləri sadələşdirilmiş qaydada həyata keçirməyə imkan yaradır.
Qəbul edilən yeniliklərin ölkədə startap ekosisteminin inkişafına, investisiya cəlbediciliyinin artırılmasına və innovativ bizneslərin maliyyələşmə imkanlarının genişlənməsinə töhfə verəcəyi gözlənilir.




