Home » Azərbaycanda kraudfandinq fəaliyyətinin hüquqi əsasları müəyyənləşdirildi

Azərbaycanda kraudfandinq fəaliyyətinin hüquqi əsasları müəyyənləşdirildi

by yunus
0 comments 0 views 2 minutes read

Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi “Kraudfandinq haqqında” qanunu təsdiqləyib.

BBN.az xəbər verir ki, yeni qanun səhm və borc əsaslı kraudfandinq fəaliyyətinin hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edir. Sənəddə həmçinin kraudfandinq platforması operatorlarının fəaliyyəti ilə bağlı tələblər, eləcə də bu sahəyə dövlət nəzarəti və tənzimlənməsi məsələləri əksini tapıb.

Qanunun əsas məqsədi iqtisadi fəaliyyət subyektlərinin, xüsusilə startapların, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin alternativ maliyyələşmə imkanlarına çıxışını genişləndirməkdir. Bunun üçün informasiya ehtiyatları və sistemlərindən, həmçinin kapital bazarının imkanlarından istifadə etməklə biznes fəaliyyətinin inkişafına dəstək verilməsi nəzərdə tutulur. Eyni zamanda, maliyyələşmə prosesində iştirak edən investorların hüquqlarının qorunması da qanunun əsas istiqamətlərindəndir.

Kraudfandinq fəaliyyəti yeni qanunla yanaşı, Azərbaycan Respublikasının Konstitusiyası, ölkənin tərəfdar çıxdığı beynəlxalq müqavilələr, Mülki Məcəllə, eləcə də cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə, hədəfli maliyyə sanksiyaları ilə bağlı qanunvericilik və digər normativ hüquqi aktlarla tənzimlənəcək. Bu sahədə Azərbaycan Mərkəzi Bankının qəbul etdiyi normativ xarakterli aktlar da tətbiq olunacaq.

Qanunun müddəaları dövlətin investisiya siyasətinin həyata keçirilməsi məqsədilə yaradılmış hüquqi şəxslərə və onların təsis etdiyi qurumlara şamil edilməyəcək.

Ələt Azad İqtisadi Zonasında kraudfandinq fəaliyyəti ilə bağlı münasibətlər isə “Ələt Azad İqtisadi Zonası haqqında” qanunun tələbləri əsasında tənzimlənəcək.

Qanunun tələblərini pozan şəxslər qanunvericilikdə nəzərdə tutulan hallarda məsuliyyət daşıyacaqlar.

“Kraudfandinq haqqında” qanun dərc edildiyi tarixdən 6 ay sonra qüvvəyə minəcək.

Prezident İlham Əliyev qanunun tətbiqi ilə bağlı ayrıca fərman da imzalayıb. Fərmana əsasən, Nazirlər Kabineti Prezidentin aktlarının yeni qanuna uyğunlaşdırılması ilə bağlı təklifləri 4 ay ərzində hazırlamalı və dövlət başçısına təqdim etməlidir. Həmçinin ofşor zonaların siyahısı 3 ay müddətində müəyyənləşdirilərək Prezidentə təqdim olunmalıdır.

Bundan əlavə, Azərbaycan Mərkəzi Bankına yeni qanundan irəli gələn bir sıra normativ xarakterli aktların 6 ay ərzində hazırlanması və təsdiqlənməsi tövsiyə olunub.

Bu sənədlər sırasında kraudfandinq platforması operatorlarının nizamnamə və məcmu kapitalına dair minimum tələblər, mühüm iştirak payının əldə edilməsi üçün təqdim olunacaq məlumatların forması, operatorların reyestrə daxil edilməsi qaydaları, platformaların texniki və təhlükəsizlik tələbləri yer alır.

Bundan başqa, kraudfandinq layihələrinin maliyyələşdirilməsi üzrə hədəf məbləğləri, fərdi investorların investisiya edə biləcəyi maksimum vəsait, peşəkar investorların maliyyələşmədə minimum iştirak həddi, investor və layihə sahiblərinin şikayətlərinə baxılması, eləcə də operatorların hesabatlarının forma və təqdimetmə qaydalarının müəyyənləşdirilməsi nəzərdə tutulur.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.