
“Moody’s” beynəlxalq reytinq agentliyi Azərbaycanın suveren kredit reytinqini “Baa3” səviyyəsində “müsbət” proqnozla təsdiqləyib.
Agentliyin hesabatında ölkənin bank sektorunda həyata keçirilən prudensial siyasət, eləcə də tətbiq olunan requlyativ kapital tələbləri müsbət qiymətləndirilib.
Hesabata əsasən, Azərbaycanda nəzarət çərçivəsinin və prudensial tənzimləmənin beynəlxalq standartlara uyğunlaşdırılması bank sektorunun dayanıqlılığını gücləndirən əsas amillərdən biri kimi qeyd olunur.
“Moody’s” bildirir ki, tətbiq olunan kapital tələbləri bankların ödəmə qabiliyyətinin artırılmasına və maliyyə sabitliyinin möhkəmləndirilməsinə mühüm töhfə verir.
Bununla yanaşı, agentlik Azərbaycanda Bazel III çərçivəsində yeni kapital buferlərinin tətbiq olunduğunu vurğulayır. Hesabatda qeyd edilir ki, Bazel III standartlarına tam uyğunluğun 2027-ci ildə təmin olunması gözlənilir.





