
Bu ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasında sahibkarlara müxtəlif fəaliyyət sahələri üzrə 25 lisenziya təqdim olunub.
BBN.az xəbər verir ki, lisenziyalar Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzi vasitəsilə verilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,7% çoxdur.
Hesabat dövründə Naxçıvanda müvafiq qurumlar tərəfindən verilən 3 258 icazə reyestrdə qeydiyyata alınıb. Bu icazələr əsasında dövlət büdcəsinə 77,2 min manat vəsait daxil olub.
İlin ilk 6 ayında muxtar respublikada yeni istehsal və xidmət sahələrinin yaradılması, eləcə də mövcud layihələrin genişləndirilməsi istiqamətində 141 layihə həyata keçirilib. Onlardan 30-u yeni layihələrin yaradılması, 111-i isə mövcud layihələrin genişləndirilməsi ilə bağlı olub.
Bununla yanaşı, 36-sı yeni layihə, 52-si isə genişləndirmə olmaqla, ümumilikdə 88 layihənin icrası hazırda davam etdirilir.
Məlumata görə, layihələr dövlət dəstəyi və özəl investisiyalar hesabına maliyyələşdirilib. İcra olunan 141 layihənin 122-si Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondunun maliyyə dəstəyi ilə reallaşdırılıb.




