
Bazar ertəsi qlobal neft bazarlarında qiymətlərdə nəzərəçarpacaq yüksəliş qeydə alınıb.
BBN.az xəbər verir ki, Brent markalı neftin sentyabr fyuçerslərinin qiyməti 3,05 faiz artaraq bir barel üçün 90,79 ABŞ dollarına çatıb. Bu, iyunun 11-dən bəri qeydə alınan ən yüksək səviyyədir. Brent markası ötən həftə ərzində ümumilikdə 15,9 faiz bahalaşaraq aprel ayından sonra ən güclü həftəlik artımı göstərib.
ABŞ istehsalı olan WTI markalı xam neft də bahalaşmaqda davam edib. Bu marka üzrə fyuçerslərin qiyməti 2,65 faiz yüksələrək 84,68 dollara çatıb. Beləliklə, WTI iyunun 12-dən bəri ən yüksək səviyyəsini yeniləyib. Həftəlik artım isə 15,5 faiz təşkil edib ki, bu da mart ayının əvvəlindən bəri ən yüksək göstərici hesab olunur.
Bazar iştirakçıları qiymət artımının əsas səbəbi kimi Yaxın Şərqdə geosiyasi gərginliyin artmasını göstərirlər. ABŞ və İran arasında qarşıdurmanın daha da kəskinləşməsi, həmçinin Hörmüz boğazı vasitəsilə enerji daşımalarına təsir edən risklərin yüksəlməsi qlobal neft təchizatı ilə bağlı narahatlıqları artırıb.
Son məlumatlara əsasən, həftəsonu bölgədə vəziyyət daha da mürəkkəbləşib. ABŞ-ın İrana qarşı ardıcıl doqquzuncu gecə hərbi əməliyyatlar keçirdiyi bildirilir. Eyni zamanda, Vaşinqtonun regional tərəfdaşları olan Küveyt və Bəhreyn İran tərəfindən yeni hücumların həyata keçirildiyini açıqlayıblar.
Ekspertlərin fikrincə, Yaxın Şərqdə gərginlik səngiməyəcəyi halda neft bazarında bahalaşma meyli davam edə və qiymətlər daha da yüksələ bilər.




