
Bu həftə dünya bazarında neftin qiymətləri son 7 həftənin ən yüksək həddinə qalxıb. Bu artıma əsas səbəb ABŞ-da xam neft ehtiyatlarının gözlənilməz azalması, eləcə də Rusiya, İraq və Venesuela ilə bağlı təchizat problemləri olub.
BBN.az xəbər verir ki, Brent markalı neft 2,5% bahalaşaraq 69,31 ABŞ dolları, WTI markalı neft isə 2,5% artaraq 64,99 ABŞ dolları səviyyəsində bağlanıb.
ABŞ Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına görə, ötən həftə ölkənin xam neft ehtiyatları 607 min barrel azalıb. Analitiklər isə əksinə, 235 min barrel artım gözləyirdilər. Bu, bazarda təklifin azaldığı barədə siqnal kimi qiymətləndirilir.
Qiymətlərin artmasına həm də Ukraynanın Rusiyanın Volqoqrad bölgəsində iki neft nasos stansiyasına zərbə endirməsi və Novorossiysk limanında fövqəladə vəziyyət elan olunması təsir göstərib. Həmin liman Rusiya üçün əsas xam neft və taxıl ixrac mərkəzidir.
Eyni zamanda, ABŞ-ın enerji hasilatı Texas, Luiziana və Nyu-Meksiko ştatlarında zəifləyib. İranla bağlı yeni sanksiyaların tətbiqi riski isə bazarda əlavə gərginlik yaradıb. Digər tərəfdən, Venesueladan ixracın azalması və İraqda Kürdüstan bölgəsində neft nəqlinin bərpası ilə bağlı razılaşmalar da qiymətlərin dinamikasına təsir göstərib.
OPEC+ ölkələri bu ay hasilatı mərhələli şəkildə artırmaq barədə qərar qəbul ediblər. Oktyabr ayından gündəlik təqribən 137 min barel əlavə neft bazara çıxarılacaq. Bu, 2023-cü ildən qüvvədə olan könüllü kəsintilərin tədricən geri qaytarılması siyasətinin davamı kimi qiymətləndirilir. Analitiklər hesab edirlər ki, OPEC+ bazarda sabitliyi qorumaqla yanaşı, təklif-tələb balansına da çevik reaksiya verəcək.
Azərbaycanın ixrac markası olan AzeriLight isə bu həftə dünya bazarında Brent ilə paralel olaraq bahalaşıb və 70 dollar/barel həddinə yaxınlaşıb. Bu tendensiya ABŞ ehtiyatlarının azalması və qlobal bazarda geosiyasi risklərin artması ilə izah olunur.







