

NVIDIA Microsoft-u geridə qoyaraq dünyanın ən bahalı şirkəti oldu.
Qrafik prosessorlar istehsalı üzrə ABŞ-ın nəhəng texnologiya şirkəti NVIDIA, bazar kapitallaşmasına görə Microsoft-u geridə qoyaraq dünyanın ən dəyərli ictimai şirkəti olub.
BBN.az xəbər verir ki, TradingView platformasının məlumatlarına əsasən, NVIDIA yenidən dünyanın ən bahalı şirkətləri siyahısında birinci pilləyə yüksəlib.
İyunun 3-də NASDAQ birjasında baş tutan ticarət sessiyasının nəticələrinə görə, NVIDIA-nın (NVDA) səhmləri 2,8% artaraq 141,22 dollar olub. Nəticədə şirkətin bazar dəyəri 3,45 trilyon dollara çatıb. Eyni gün Microsoft-un (MSFT) səhmləri isə cəmi 0,22% artaraq 462,97 dollara yüksəlib və onun kapitallaşması 3,44 trilyon dollar təşkil edib. Üçüncü yerdə qərarlaşan Apple-ın dəyəri isə 3,04 trilyon dollar olub.
Qeyd edək ki, bu, NVIDIA-nın tarixində ilk belə nailiyyət deyil. Şirkət ilk dəfə 2024-cü il iyunun 18-də bazar dəyərinə görə Microsoft-u keçmişdi. O vaxtdan bəri “dünyanın ən bahalı şirkəti” tituluna görə Microsoft və Apple ilə rəqabət aparır. CNBC qeyd edir ki, yanvarın 24-də də NVIDIA birinci yeri qazanmışdı.
2025-ci ilin əvvəllərində şirkətin səhmləri ABŞ hökumətinin Çində texnologiya istehsalına dair mümkün məhdudiyyətləri və süni intellekt infrastrukturunun gələcəyinə dair narahatlıqlar səbəbilə dəyər itirsə də, bu qorxuların azalması ilə səhmlər yenidən bahalaşmağa başlayıb.
Bundan əlavə, NVIDIA-nın 2026-cı maliyyə ilinin birinci rübünə dair açıqladığı güclü nəticələr də səhmlərin yüksəlişinə təkan verib. Şirkətin gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 69% artaraq 44,06 milyard dollar, xalis mənfəəti isə 26% artaraq 18,8 milyard dollar olub. Bu göstəricilər analitiklərin gözləntilərini üstələyib. Xüsusilə, süni intellekt çipləri və komponentləri təklif edən məlumat mərkəzi bölməsi üç ayda satışlarını 73% artırıb.
Nəticədə, apreldən bəri səhmlər 45%-dən çox bahalaşıb və şirkətin bazar dəyərinə 1 trilyon dollardan çox əlavə olunub. Bu artım, OpenAI kimi texnologiya şirkətlərinin ChatGPT kimi süni intellekt məhsulları üçün NVIDIA çiplərinə artan tələbatla əlaqələndirilir.
Xatırladaq ki, NVIDIA 1993-cü ildə yaradılıb. Şirkət əvvəlcə video oyun aparatları istehsal edirdi. Zamanla qrafik prosessorlardan mürəkkəb hesablama sistemlərinə və superkompüterlərə keçid edərək fəaliyyətini genişləndirib.