
ABŞ-ın aparıcı çip istehsalçısı “Nvidia” bazar dəyərini 5 trilyon dollardan yuxarı səviyyəyə qaldıraraq bu həddi keçən ilk şirkət olub.
BBN.az xəbər verir ki, birjada şirkətin səhmlərinin qiyməti 4 faizdən çox artaraq 210,80 dollara yüksəlib. Bunun nəticəsində “Nvidia”nın ümumi bazar dəyəri 5,1 trilyon dollara çatıb.
Süni intellektlə bağlı yeni planlar
Oktyabrın 28-də proqramçılar və texnologiya mütəxəssislərinin iştirak etdiyi tədbirdə “Nvidia”nın baş direktoru Censen Huang şirkətin süni intellekt sahəsində əldə etdiyi yeni nailiyyətləri təqdim edib.
Huang çıxışı zamanı bildirib ki, “Nvidia” ABŞ Energetika Nazirliyi ilə əməkdaşlıq çərçivəsində 7 ədəd süni intellekt əsaslı superkompüter hazırlayacaq. O, həmçinin AI çipləri üçün 500 milyard dollarlıq sifariş gözlədiklərini açıqlayıb.
Sürətli yüksəlişin ardında süni intellekt bum-u
Xatırladaq ki, “Nvidia”nın bazar dəyəri son iki il ərzində rekord templə artıb:
-
2023-cü ilin fevralında 2 trilyon dollar,
-
iyun ayında 3 trilyon dollar,
-
iyulda isə 4 trilyon dollar həddini keçmişdi.
Bu sürətli artımın əsas səbəbi süni intellekt çiplərinə qlobal tələbin kəskin yüksəlməsi olub.
“Nvidia” dünyanın ən dəyərli şirkəti oldu
Hazırda “Nvidia” dünyanın ən yüksək bazar dəyərinə malik şirkətidir. Siyahıda onun ardınca “Microsoft” (4,03 trilyon dollar) və “Apple” (4 trilyon dollar) gəlir.







