06 may 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun ödəniş hesablarının məsafədən açılması prosedurunun təkmilləşdirilməsinə dair görüşü keçirilmişdir.
Görüş zamanı ekspertlər tərəfindən məsafədən ödəniş hesablarının açılması zamanı video zəng və ya video çəkiliş olmadan gücləndirilmiş elektron imzanın tətbiqi imkanları, eyniləşdirmə dərəcəsindən asılı olaraq ödəniş hesabı üzərindən aparılan əməliyyatlara məhdudiyyətlərin tətbiqi, habelə banklar və fintexlər arasında bərabər rəqabət mühitinin təmin edilməsi məqsədilə ödəniş hesablarının açılması prosedurunda vahid çərçivə tələblərin müəyyən edilməsi müzakirə edilmişdir.
Əlavə edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 23 bank və 2 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 29 təşkilat ABA-nın üzvüdür.