Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilən “Onlayn Azərbaycan” layihəsi çərçivəsində 2023-cü ilin 11 ayı ərzində Azərbaycanda 888 minə yaxın ev təsərrüfatının genişzolaqlı internetə çıxış imkanı yaradılıb. Ümumilikdə 1,7 milyona yaxın ev təsərrüfatı genişzolaqlı internetlə əhatə olunub. Bu, ölkədə mövcud ev təsərrüfatlarının 58%-ni təşkil edir və cari ilin sonuna kimi 60%-ə çatdırılması hədəflənib.
Layihə çərçivəsində dövlət-özəl tərəfdaşlıq modeli əsasında bir neçə telekommunikasiya operatorunun birgə səyləri nəticəsində minimum 25 Mbit/s internet sürəti ilə ölkənin əksər regionlarını əhatə edən genişzolaqlı şəbəkə qurulacaq.
Belə ki, hazırda şəhər və kəndlərin GPON (Gigabit Passive Optical Networks) texnologiyası əsasında yüksəksürətli və genişzolaqlı internetlə təmin edilməsi istiqamətində işlər gedir. Bu texnologiya üzərindən vətəndaşlar istər ancaq telefoniya xidmətinə qoşula, istərsə də “internet + telefoniya”, “internet + televiziya (ikisi birində)” və “internet + telefoniya + televiziya (üçü birində)” paketlərini əldə edə bilərlər. Ödənişlər abunəçilərin qoşulduğu xidmətlərə uyğun hesablanır.
Qeyd edək ki, sözügedən layihə üzrə görülən işlərin 2024-cü ilin sonuna kimi yekunlaşacağı planlaşdırılır.