
Azərbaycan iqtisadiyyatının uzunmüddətli və davamlı inkişafının əsas şərti sahibkarlığın, xüsusilə də texnoloji və innovativ biznesin dəstəklənməsidir.
BBN.az xəbər verir ki,bu fikirləri “PASHA Holding”in baş direktorunun müavini, İcraiyyə Komitəsinin üzvü Dəyanət Sədullayev Bakıda keçirilən Beşinci INMerge İnnovasiya Sammitində çıxışı zamanı səsləndirib.
Onun sözlərinə görə, holdinqdə fəaliyyət göstərən Makroiqtisadi Araşdırmalar Departamenti ölkə və region üzrə iqtisadi tendensiyalarla bağlı rəhbərliyə mütəmadi proqnozlar təqdim edir.
“Hazırkı vəziyyət göstərir ki, iqtisadiyyatı yalnız enerji resurslarına əsaslandırmaq mümkün deyil. Neft bazarında qiymətlərin və tələbin azalması fonunda ölkədə istehsal da zəifləyir. Buna görə də inkişafın alternativ yolu yalnız sahibkarlığın gücləndirilməsi, xüsusilə də innovativ və texnoloji biznesin genişlənməsidir. Dövlət də bu istiqamətdə siyasi iradəsini nümayiş etdirir”, – deyə o vurğulayıb.
D.Sədullayev bildirib ki, bu gün “PASHA Holding”də 30 minə yaxın əməkdaş çalışır və şirkətin perspektivləri birbaşa ölkə iqtisadiyyatının ümumi vəziyyətindən asılıdır.
“Böyük korporasiya olaraq anlayırıq ki, biznesin uğurlu inkişafı üçün güclü iqtisadi mühit vacibdir. Bizim bu sahəyə yatırımlarımız nə təsadüfi, nə də yalnız sosial dəstək xarakteri daşıyır. Qlobal maliyyə institutlarının hesabatları və proqnozları da bunu təsdiqləyir. Buna görə də sahibkarlığın inkişafını dəstəkləyirik və bu sammitdə iştirakımız da bunun göstəricisidir”, – deyə “PASHA Holding” rəsmisi əlavə edib.






