Home » “Patent haqqında” qanuna dəyişikliklər ilk oxunuşda qəbul edilib

“Patent haqqında” qanuna dəyişikliklər ilk oxunuşda qəbul edilib

by Zeyneb
0 comments 1 views 2 minutes read

Milli Məclis “Patent haqqında” qanuna çoxsaylı dəyişiklikləri ilk oxunuşda qəbul edib. Dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

BBN.az xəbər verir ki, sənədə əsasən, beynəlxalq təcrübəyə uyğun olaraq qanuna bir sıra yeni anlayışların daxil edilməsi nəzərdə tutulur.

Bildirilib ki, ixtira, faydalı model və sənaye nümunəsinə patent alınması üçün iddia ərizəsinin verilməsi, qeydiyyatı və ekspertizası üzrə prosedurların sadələşdirilməsi planlaşdırılır. Qanun layihəsinə əsasən, hazırda 12 ay olan ekspertiza müddəti əhəmiyyətli dərəcədə azaldılacaq.

Eyni zamanda, patent almaq istəyən hüquqi və fiziki şəxslərə göstərilən xidmətlərin çevikliyinin artırılması və ekspertiza prosesinin sürətləndirilməsi nəzərdə tutulur.

Dəyişikliklərə görə, ixtiraların patentləşdirilməsi məqsədilə xarici iddiaçılar bir sıra prosedurları birbaşa Azərbaycanın milli patent ofisinə müraciət etməklə həyata keçirə biləcəklər. Hazırkı qanunvericiliyə əsasən isə xarici hüquqi və fiziki şəxslər patentin alınmasına qədər olan bütün hüquqi prosedurları yalnız patent müvəkkilləri vasitəsilə icra etməlidirlər ki, bu da əlavə vaxt və maliyyə itkisinə, həmçinin patent fəallığının azalmasına səbəb olur.

Qanun layihəsi patent göstəriciləri üzrə ölkənin beynəlxalq reytinqlərinin yüksəldilməsinə, iddiaçıların sənədlərin tərtibi və təqdim edilməsi zamanı üzləşdikləri texniki çətinliklərin azaldılmasına xidmət edəcək.

Sənəddə, həmçinin işəgötürənin xidməti tapşırığı əsasında ixtira, faydalı model və sənaye nümunəsi yaradan müəllifə ədalətli qonorarın ödənilməsi üçün hüquqi bazanın formalaşdırılması nəzərdə tutulur. Belə ki, patentdən gəlir əldə edildiyi halda, işəgötürənin çəkdiyi xərclər çıxıldıqdan sonra qalan məbləğin azı 50 faizi müəllifə qonorar kimi ödəniləcək.

Qeyd olunub ki, dəyişiklik layihəsi ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəriciləri əhatə edən sənaye mülkiyyəti sahəsində qanunvericiliyin Ümumdünya Ticarət Təşkilatının tələblərinə uyğunlaşdırılmasını nəzərdə tutur.

Qanun layihəsinin qəbul edilməsi nəticəsində:

  • ölkədə ixtira və patent fəallığı artacaq;

  • patent alınması prosedurları sadələşdiriləcək və ekspertiza müddəti əhəmiyyətli dərəcədə azalacaq;

  • ixtira müəlliflərinə ödənilən qonorarın məbləği yüksələcək;

  • müəlliflərin sosial-maddi vəziyyəti yaxşılaşacaq və sənayedə tətbiq olunan ixtiraların sayı artacaq;

  • Qlobal İnnovasiya İndeksi üzrə Azərbaycanın beynəlxalq mövqeyi güclənəcək;

  • əqli mülkiyyət sahəsində qanunvericilik daha da təkmilləşəcək.

Sənəd müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.