
Prezident İlham Əliyev “Dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”na dəyişiklik edib.
Bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.
Fərmana əsasən, dövlət mülkiyyətində olan və vahidinin ilkin dəyəri 5 min manatdan yuxarı olan əsas vəsaitlərin dövlət orqanları və dövlət mülkiyyətində olan hüquqi şəxslər arasında verilməsi, Prezidentin müəyyən etdiyi hallar istisna olmaqla, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) rəyi alındıqdan sonra Nazirlər Kabinetinin qərarı ilə həyata keçiriləcək.
İstisna hallara “Məhkəmələr və hakimlər haqqında” qanunun 86-cı maddəsinə uyğun olaraq birinci instansiya məhkəmələrinin maliyyə və maddi-texniki təminatı ilə bağlı məsələlərin Ədliyyə Nazirliyi tərəfindən həll edilməsi də daxildir.
Bundan başqa, vahidinin ilkin dəyəri 5 min manat və ya ondan aşağı olan əsas vəsaitlərin dövlət qurumları arasında verilməsi isə ƏMDX-nin yazılı razılığı alındıqdan sonra müvafiq dövlət orqanlarının və dövlət mülkiyyətində olan hüquqi şəxslərin qərarı əsasında həyata keçiriləcək.





