Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin Bərdə şəhərində yerləşən Qarabağ Regional Peşə Hazırlığı Mərkəzində bu il 400 şəxs peşə hazırlığı kurslarına cəlb olunub.
İşəgötürənlərlə birgə təşkil edilən kurslar genişprofilli dəzgahçı, proqramla idarə olunan avadanlıqların operatoru, qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər, mebel ustası, ərzaq və qeyri-ərzaq malları satıcısı, nəzarətçi, xəzinədar, tikiş avadanlıqlarının operatoru və s. peşələri əhatə edir.
Ötən ilin avqust ayında açılışı olan Mərkəzdə 7 emalatxana, 8 sinif və instruksiya otağı, Peşəyönümü və Karyera Planlaması Mərkəzi, inzibati və texniki otaqlar fəaliyyət göstərir. Burada 48 peşə istiqaməti üzrə tədrisin təşkili üçün imkanlar yaradılıb.
Təlimlər xüsusi meyarlar üzrə qiymətləndirilmiş mütəxəssislər tərəfindən həyata keçirilir. Hazırda Mərkəzdə 100-dən çox şəxs peşə hazırlığı kurslarında təlim keçir.