
Hazırda Qazaxıstanda vahid sığorta məlumat bazasının dövlət orqanları ilə inteqrasiyası üzrə işlər davam edir. Bu barədə Qazaxıstanın Maliyyə Bazarının Tənzimlənməsi və İnkişafı üzrə Agentliyinin Sığorta Təşkilatlarının Təftiş Şöbəsinin müdiri Meruert Bayetova Bakıda keçirilən “Türk Dövlətləri InsurTech Sammiti 2025”də bildirib.
Onun sözlərinə görə, artıq 38 dövlət qurumunun məlumat bazası ilə inteqrasiya təmin edilib. Bu, sığorta məhsullarının daha səmərəli tətbiqinə və hesabatlılığın optimallaşdırılmasına imkan yaradır.
M. Bayetovanın qeyd etdiyinə görə, tənzimləyici orqan risklərin qiymətləndirilməsi və hesabatlılığın təkmilləşdirilməsi üzrə işləri daim inkişaf etdirir. Bu məqsədlə tam avtomatlaşdırılmış rəqəmsal qiymətləndirmə sistemi tətbiq olunur ki, bu da sığorta şirkətlərinin maliyyə dayanıqlığının dərin təhlilinə şərait yaradır.
O bildirib ki, hazırda ölkədə vətəndaşların daşınmaz əmlakının məcburi sığortası sisteminin yaradılması əsas təşəbbüslərdən biridir. Qazaxıstanın zəlzələ, daşqın və meşə yanğınları kimi təbii fəlakətlərə məruz qalması bu istiqamətdə işləri aktuallaşdırır. Layihə Asiya İnkişaf Bankının dəstəyi ilə hazırlanır və yüksək riskli bölgələr üçün məcburi olacaq.
Həmçinin “Bonus-Malus” sisteminin təkmilləşdirilməsi, həyat sığortası məhsullarının genişləndirilməsi, eləcə də peşə məsuliyyəti sığortalarının inkişafı üzrə tədbirlər görülür. Tibbi işçilərin və müəssisə işçilərinin məcburi sığortası üzrə sığorta hovuzları fəaliyyət göstərir.
Bayetova əlavə edib ki, rəqəmsal transformasiya sürətlə həyata keçirilir. Artıq sığorta müqavilələri və zərər tənzimləməsi onlayn mümkündür. “Avroprotokol” sistemi tənzimləmə müddətini 1-2 aydan 5-6 iş gününə endirib. Habelə vahid məlumat bazası əsasında avtonəqliyyatın mülki məsuliyyət sığortasında fərdi tarifləşmə tətbiq olunub.
Hazırda Qazaxıstan sığorta bazarında 25 sığorta şirkəti fəaliyyət göstərir ki, onlardan 10-u həyat sığortası üzrə ixtisaslaşıb. Sektor üzrə 13 sığorta brokeri və 68 aktuari Agentliyin lisenziyası ilə çalışır.
Qeyd edək ki, ölkədə 2003-cü ildən Sığorta Ödənişlərinin Zəmanət Fondu, 2008-ci ildən isə Sığorta Ombudsmanı və vahid sığorta məlumat bazası fəaliyyət göstərir. Qazaxıstan Aktuarilər Cəmiyyəti 2014-cü ildən Beynəlxalq Aktuarilər Assosiasiyasının tamhüquqlu üzvüdür.







