
Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) Azərbaycan manatı ilə maliyyə bazarına yenidən çıxmağı strateji prioritetlərindən biri hesab edir.
Bu barədə QDTİB-nin prezidenti Serhat Köksal Bankın Bakıda keçiriləcək İllik Yığıncağı və Biznes Forumu ərəfəsində Trend-ə verdiyi müsahibədə bildirib.
Onun sözlərinə görə, üzv ölkələrin milli valyutalarında maliyyə alətlərinin buraxılması Bankın əsas strateji istiqamətlərindən biridir. Bu yanaşma daxili kapital bazarlarının inkişafına töhfə verməklə yanaşı, yerli valyutada kreditləşmə üçün təbii hedcinq mexanizmlərinin formalaşdırılmasına və QDTİB-nin üzv ölkələrin iqtisadiyyatlarına uzunmüddətli dəstəyini nümayiş etdirməyə xidmət edir.
Serhat Köksal qeyd edib ki, Bankın əvvəllər manatla həyata keçirdiyi əməliyyatlar uğurlu olub və QDTİB-ni Azərbaycan bazarında fəaliyyət göstərən azsaylı beynəlxalq emitentlərdən birinə çevirib. O bildirib ki, həmin istiqraz yerləşdirmələri həm investor marağı, həm də icra baxımından müsbət nəticələr verib.
QDTİB prezidenti vurğulayıb ki, Azərbaycan Bankın yerli valyutada maliyyələşdirmə üzrə ən fəal işlədiyi bazarlardan biridir. Hazırda potensial təşkilatçılar və investorlarla danışıqlar davam edir və Bank ölkədəki fəaliyyətini genişləndirməkdə maraqlıdır.
Onun sözlərinə görə, manat bazarına qayıdışın vaxtı bazar şərtlərindən, svop əməliyyatlarının iqtisadi səmərəliliyindən və investorların marağından asılı olacaq.
Köksal əlavə edib ki, Azərbaycanın əlverişli makroiqtisadi göstəriciləri bu istiqamətdə müsbət imkanlar yaradır. Belə ki, 2025-ci ildə ölkənin real ÜDM artımı 7,5%, dövlət borcu isə ÜDM-in 28%-dən aşağı səviyyədə olub. Eyni zamanda, Azərbaycanın suveren kredit reytinqi Moody’s tərəfindən Baa3 səviyyəsində qiymətləndirilib və reytinq üzrə proqnoz müsbət olaraq saxlanılır.
QDTİB hesab edir ki, bu şəraitdə beynəlxalq inkişaf banklarının manatla istiqraz buraxılışlarına daxili investorlar tərəfindən yüksək maraq göstərilməsi mümkündür və Bank Azərbaycan manatı bazarında iştirakını genişləndirməyi planlaşdırır.
Qeyd edək ki, QDTİB 2019-cu ilin avqustunda Bakı Fond Birjasında 10 milyon manat həcmində, iki il müddətinə nəzərdə tutulmuş istiqrazları uğurla yerləşdirmişdi. Həmin emissiya Azərbaycanda beynəlxalq maliyyə qurumu tərəfindən milli valyutada həyata keçirilən ilk istiqraz buraxılışı kimi tarixə düşüb.




