
“Bank Respublika” ilə “OPEC Fund for International Development” (OPEC Fund) arasında 20 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalanıb.
Dörd il müddətinə ayrılan maliyyə vəsaiti Azərbaycanda özəl sektorun inkişafına, eləcə də mikro, kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə yönəldiləcək.
Sazişi “Bank Respublika” ASC-nin İdarə Heyətinin sədri Tariyel İsmayılov və OPEC Fondunun Prezidenti Dr. Əbdülhəmid Əlxəlifə imzalayıblar. İmzalanma mərasimi OPEC Fondunun 50 illik yubileyinə həsr olunmuş “OPEC Fund Development Forum 2026” çərçivəsində Avstriyanın paytaxtı Vyanada keçirilib.
Tədbirdə Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Anar Axundov və Azərbaycanın Avstriyadakı fövqəladə və səlahiyyətli səfiri Rövşən Sadıqbəyli də iştirak ediblər.
Bankdan bildirilib ki, cəlb olunan vəsait real sektorun maliyyələşdirilməsinin genişləndirilməsinə, mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsinə xidmət edəcək. Kredit vəsaitləri yeni iş yerlərinin yaradılması, bizneslərin inkişafı və ölkənin dayanıqlı iqtisadi artımına töhfə verən layihələrin maliyyələşdirilməsinə yönəldiləcək.
OPEC Fondunun Prezidenti Əbdülhəmid Əlxəlifə bildirib ki, bu kredit Fondun Azərbaycanda yerli valyutada təqdim etdiyi ilk maliyyələşmədir və təşkilat üçün əlamətdar hadisə hesab olunur. Onun sözlərinə görə, yerli valyutada maliyyələşmə risklərin azaldılması və investisiyaların təşviqi baxımından mühüm əhəmiyyət daşıyır. O əlavə edib ki, bu istiqamətdə ilk tərəfdaş kimi “Bank Respublika”nın seçilməsi iki qurum arasında uzunmüddətli əməkdaşlıq üçün möhkəm zəmin yaradır.
“Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov isə qeyd edib ki, imzalanan saziş yalnız maliyyə resursunun cəlb edilməsi deyil, həm də beynəlxalq inkişaf maliyyələşdirilməsi sahəsində nüfuzlu qurumlardan biri olan OPEC Fondunun banka göstərdiyi etimadın göstəricisidir. O bildirib ki, tərəflər bu əməkdaşlığın uzunmüddətli və uğurlu tərəfdaşlığın əsasını qoyacağına inanırlar.




