
Qlobal bazarlarda qızılın unsiyası 5 400 dollar səviyyəsi ətrafında qərarlaşıb, gümüş isə dəyişkən ticarətdən sonra nisbətən sabitləşib. Son günlər qiymətli metalların sürətli bahalaşması yeni mərhələyə keçib və analitiklər artan volatilliyə diqqət çəkir.
Qızıl qiymətləri ötən gün 5 600 dolları keçdikdən sonra geri çəkilib. Bu hərəkət ABŞ fond bazarlarında satışların güclənməsi və texnologiya səhmlərinin, xüsusilə Microsoft nəticələrindən sonra enişi fonunda baş verib. Eyni zamanda ABŞ dollarının möhkəmlənməsi qızıl və gümüşə təzyiq göstərib.
Saxo Bank-ın əmtəə strategiyası üzrə rəhbəri Ole Hansen bildirib ki, qiymətli metallar bazarı “təhlükəli mərhələyə” daxil olur:
“Problem ondadır ki, volatillik öz-özünü qidalandırır. Qiymət dalğalanmaları artdıqca likvidlik azalır.”
Qeyd edək ki, qızıl ilin əvvəlindən bu yana təxminən 20% bahalaşıb. Bu artım əsasən dolların zəifləməsi ilə əlaqələndirilir.
Goldman Sachs analitikləri ötən həftə qızıl üçün ilin sonu üzrə 5 400 dollar hədəf qiymət açıqlayıb və fərdi investorların bazara daha aktiv daxil olmasının əlavə risk yaratdığını bildirib.
Federal Ehtiyat Sisteminin faizləri sabit saxlamasından sonra qızıl 5 500 dolları keçmiş, FED sədri Cerom Pauelin açıqlamaları isə dolların zəifləməsinin qarşısını ala bilməmişdi.
Bu arada gümüşün unsiyası 120 dolları ötüb, lakin sonradan qazancının bir hissəsini geri verib. Gümüş ilin əvvəlindən bu yana təxminən 50% yüksəlib.
JPMorgan analitikləri isə qeyd edir ki, gümüş qiymətləri artıq proqnozları xeyli üstələyib, lakin belə sürətli bazarlarda zirvəni müəyyən etmək demək olar ki, mümkün deyil.





