İndoneziya, Səudiyyə Ərəbistanı, İraq və Türkiyənin müvafiq qurumları ilə keçirilmiş görüşlərdə əməkdaşlıq imkanları və birgə təşəbbüslər müzakirə edilib.
Avstraliyanın Melburn şəhərində keçirilən Qlobal Sahibkarlar Konqresi (“GEC2023”) çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov İndoneziya, Səudiyyə Ərəbistanı, Türkiyə və İraqın müvafiq qurumlarının nümayəndələri ilə görüşüb.
İndoneziyanın İqtisadi Məsələlər üzrə Nazirliyində İcmanın gücləndirilməsi və sahibkarlıq üzrə direktor Chairul Saleh ilə iqtisadiyyatın müxtəlif sektorlarında fəaliyyət göstərən KOB-lar arasında əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Səudiyyə Ərəbistanının Kiçik və Orta Sahibkarlıq üzrə Baş İdarəsinin (MONSHAAT) müavini Səud Əlsabhan arasında görüşdə birgə təşəbbüslər və nəzərdə tutulan qarşılıqlı səfərlər müzakirə edilib.
İraq Baş nazirinin müşaviri və “Riyada Təşəbbüsü”nün baş direktoru Hüseyin Tahir ilə görüşdə İraqın biznesi dəstəkləyən qurumları ilə əməkdaşlığın qurulması və hər iki ölkənin biznes dairələrinin əlaqələndirilməsinə dair fikir mübadiləsi aparılıb.
TOBB Gənc Sahibkarlar Şurasının və “GEN Türkiyə”nin vitse-prezidenti, Habitat Dərnəyinin prezidenti Sezai Hazır ilə sahibkarlıq, KOB-ların dəstəklənməsi və mümkün əməkdaşlıq imkanları müzakirə edilib.
Səfər çərçivəsində həmçinin, KOBİA, Qlobal Sahibkarlıq Şəbəkəsi (GEN) və “GEN Azərbaycan” arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Qlobal Sahibkarlıq Şəbəkəsinin prezidenti Conatan Ortmans və “GEN Azərbaycan”ın icraçı direktoru Seymur Hüseynov imzalayıblar. Memorandumda yerli startap layihələrinə investisiyaların cəlb edilməsi, onları potensial investorlar və maliyyə mənbələri ilə əlaqələndirmək, beynəlxalq bazarlara çıxışda kömək etmək, bacarıq və biliklərinin gücləndirilməsinə yönəlmiş seminar, təlim və mentorluq proqramlarının, startap müsabiqələrinin, sahibkarlığa dair birgə tədbirlərin təşkili, Azərbaycanın sahibkarlıq ekosistemi ilə beynəlxalq tədqiqat qrupları arasında əlaqələrin genişləndirilməsi, sahibkarlıq və startap fəaliyyəti ilə bağlı məlumat və təcrübə mübadiləsi kimi əməkdaşlıq istiqamətləri nəzərdə tutulur.