Cənubi Koreya mərkəzli elektronika nəhəngi “Samsung Electronics” üçüncü rüb üzrə maliyyə hesabatlarını açıqlayıb. Hesabata istinadən, şirkət proqnozlaşdırılandan da yüksək artıma nail olaraq rekord gəlir əldə edib.
Belə ki, “The FN Guide Consensus” tərəfindən aparılan araşdırmada , şirkətin ümumi gəlirlərinin 9.3% artaraq 73.2 trilyon von səviyyəsində qərarlaşacağı proqnozlaşdırılmışdı. Açıqlanan hesabatlarda isə üçüncü rübdə texnologiya nəhənginin 73.98 trilyon von (63.1 milyard dollar) məbləğində gəlir əldə etdiyi gözə çarpır. Bu isə, 2020-ci ilin üçüncü rübü ilə nisbətdə 10% çoxdur.
“Samsung” şirkətinin üçüncü rüb üzrə əməliyyat mənfəəti bazar proqnozlarını (15.8 trilyon von) da aşaraq 27.7%-lik artımla 15.82 trilyon von (13.5 milyard dollar) səviyyəsində qərarlaşıb.
Şirkətin əsas fəaliyyət sahələrindən olan smartfon satışında artımın əsas səbəbləri “Samsung Galaxy Fold Z 3” və “Samsung Galaxy Flip Z 3” smartfonları olub. Ümumilikdə, şirkət mobil telefon satışlarından 28.42 trilyon von (24.2 milyard dollar) gəlir əldə edib.
Şirkətin digər əsas gəlirli sahəsi olan yarımkeçiri istehsalı üçüncü rüb ərzində 26.4 trilyon von (22.6 milyard dollar) həcmində gəlir qazandırıb.