
O qeyd edib ki, qanun layihəsi maliyyə bazarlarının inkişafına, sahibkarlığın güclənməsinə və iqtisadi artımın davamlılığının təmin olunmasına xidmət edən mühüm institusional islahatdır. Deputatın sözlərinə görə, sənəd maliyyə icarəsi üzrə tənzimlənmə və nəzarətin hüquqi, təşkilati və iqtisadi mexanizmlərini formalaşdıraraq bazarın daha şəffaf və effektiv fəaliyyətinə şərait yaradacaq.
S.Mikayılova vurğulayıb ki, bank sektorunun əsas tənzimləyicisi olan Azərbaycan Mərkəzi Bankı bu qanun vasitəsilə yeni maliyyə alətinin tətbiqini genişləndirərək iqtisadiyyata əlavə dəyər qazandıra bilər.
Deputat bildirib ki, beynəlxalq təcrübədə geniş tətbiq olunan maliyyə icarəsi mexanizmi bazar münasibətlərinin çevikliyini artırır, sahibkarların maliyyə resurslarına çıxışını asanlaşdırır və iqtisadiyyatın dinamik inkişafına töhfə verir. Onun sözlərinə görə, qanun layihəsində xarici hüquqi şəxslərlə bağlı tələblərin müəyyən edilməsi Azərbaycan maliyyə bazarının beynəlxalq maliyyə sisteminə inteqrasiyasını dərinləşdirəcək və xarici investisiyaların cəlb olunmasına əlavə imkanlar yaradacaq.
Eyni zamanda qeyd olunub ki, xarici şirkətlərin bazara daxil olması texnologiya və qabaqcıl idarəetmə təcrübələrinin ölkəyə transferinə şərait yaradır, rəqabəti gücləndirir və xidmət keyfiyyətinin yüksəlməsinə səbəb olur. Bu isə xüsusilə orta və iri biznes subyektlərinin daha sərfəli maliyyə resurslarına çıxışını genişləndirir.
S.Mikayılova əlavə edib ki, qanun layihəsində risklərin bölüşdürülməsi və sığorta mexanizmlərinin əksini tapması bazarın dayanıqlılığı baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, bu yanaşma hüquqi mübahisələrin azalmasına və biznes mühitində etimadın artmasına şərait yaradacaq.
Deputat sonda vurğulayıb ki, “Maliyyə icarəsi haqqında” qanun layihəsi maliyyə bazarlarının dərinləşdirilməsi, sahibkarlığın inkişafı və iqtisadi artımın sürətləndirilməsi baxımından mühüm addımdır və ölkədə investisiya imkanlarının genişlənməsinə töhfə verəcək.




