Slovakiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili ilə KOB sahəsində əməkdaşlıq imkanları müzakirə edilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və Slovakiya Respublikasının ölkəmizdəki müvəqqəti işlər vəkili Milan Layçiak arasında görüş keçirilib.

Görüşdə Orxan Məmmədov ölkələrimiz arasında mikro, kiçik və orta sahibkarlıq sahəsində əlaqələrin inkişafı üçün böyük potensialın olduğunu vurğulayıb, Azərbaycanda KOB-lara göstərilən dövlət dəstəyi, KOBİA-nın fəaliyyəti və xidmətləri barədə ətraflı məlumat verib. 

Slovakiya Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili Milan Layçiak KOB-ların Slovakiya iqtisadiyyatında fəal rolunu qeyd edərək, Agentlik ilə Slovakiyanın müvafiq qurumları arasında əməkdaşlığın genişləndirilməsi zərurətini vurğulayıb.     

Qarşılıqlı ticarət və investisiya qoyuluşu sahələrində mümkün əməkdaşlıq imkanlarına dair fikir mübadiləsinin aparıldığı görüşdə əməkdaşlıq imkanları, o cümlədən KOB sahəsində təcrübə mübadiləsi, hər iki ölkənin KOB subyektlərinin iştirakı ilə birgə layihələrin reallaşdırılması və bu prosesə KOBİA-nın dəstəyi müzakirə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır