Yanvarın 22-də SOCAR və Lukoil şirkətləri arasında Xəzər dənizinin Azərbaycan sektorunda “Naxçıvan” perspektiv strukturu, habelə dənizin dayazsulu hissəsində “Xəzəryanı-Quba” və “Qoşadaş” perspektiv strukturlarını əhatə edən kəşfiyyat blokuna dair Anlaşma Memorandumu imzalanıb.
Anlaşma Memorandumu İsveçrənin Davos şəhərində SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Lukoil şirkətinin prezidenti Vahid Ələkbərov imzaladılar.“Naxçıvan” perspektiv strukturu Xəzər dənizinin Azərbaycan sektorunun dərin hissəsində, Abşeron yarımadasından 90 km cənubda yerləşir. Strukturun yerləşdiyi rayonda dənizin dərinliyi 120 metrdən 750 metrə qədər dəyişir. Struktur seysmik kəşfiyyat işləri nəticəsində 1960-cı ildə aşkar edilib.
Qoşadaş strukturu Xəzər dənizinin Azərbaycan sektorunda, Sumqayıt şəhərindən 20 km şimal-şərqdə yerləşir. 1951-ci ildən etibarən sahədə seysmik kəşfiyyat işləri aparılıb.