4
Beynəlxalq reytinq agentliyi S&P Global Ratings hesab edir ki, Azərbaycanda maliyyə institutlarının tənzimlənməsi və nəzarətinin modernləşdirilməsi üzrə əsas təşəbbüslər milli normativ bazanı ən yaxşı beynəlxalq təcrübələrə yaxınlaşdıracaq.
Report agentliyinin S&P Global Ratings-ə istinadən verdiyi məlumata görə, agentlik Azərbaycan bank sektorunun ölkə üzrə bank sektorunun qiymətləndirmə sistemi (BICRA) çərçivəsində sahə riskinə dair qiymətini 8-dən 7-yə yüksəldib.
“Biz sahə riskinə dair qiymətləndirməmizi yaxşılaşdırmışıq ki, bu da bank sektorunda tənzimləmə və nəzarətin gücləndirilməsini əks etdirir. İqtisadi risk üzrə müsbət tendensiya (qiymət 8) daha sərt tənzimləyici nəzarətin bankların həddindən artıq risk qəbul etmə meylini məhdudlaşdıracağı və sistemdə kredit risklərini azaldacağı ilə bağlı gözləntilərimizi əks etdirir”, – məlumatda deyilir.
S&P bildirir ki, sahə riskinin yaxşılaşması son üç ildə tənzimləmə və nəzarətin modernləşdirilməsi istiqamətində atılmış addımların nəticəsidir.
“2024–2026-cı illər üçün Maliyyə Sektorunun İnkişaf Strategiyası” çərçivəsində tənzimləyici qurum banklar üçün korporativ idarəetmə standartını tətbiq edib. Bu standart əlaqəli tərəflərlə əməliyyatları məhdudlaşdırır. Həmçinin, Bazel III tələblərinə uyğun olaraq likvidlik riskinin idarə olunmasına dair qaydalar qəbul olunub.
S&P xatırladıb ki, Azərbaycan Mərkəzi Bankı 2026-cı ildə risk-əsaslı nəzarət modelinə keçməyi və IFRS 9 standartını tətbiq etməyi planlaşdırır. Bundan əlavə, kapital adekvatlığı strukturunun Bazel III tələblərinə uyğunlaşdırılması, stress-test tələblərinin sərtləşdirilməsi və sanasiya mexanizminin (resolution framework) hazırlanması nəzərdə tutulur.
“Biz hesab edirik ki, bu təşəbbüslərin həyata keçirilməsi tənzimləmə və nəzarəti əlavə olaraq gücləndirəcək. Bununla belə, ölkənin normativ bazası hələ də beynəlxalq standartlarla müqayisədə nisbətən zəif olaraq qalır”, – məlumatda vurğulanır.
Bundan əlavə, agentlik bir sıra bankların reytinqlərini təsdiqləyib və PASHA Bank üzrə proqnozu “stabil”dən “pozitiv”ə dəyişib.
PASHA Bank-ın uzunmüddətli və qısamüddətli kredit reytinqləri “BB-/B” səviyyəsində təsdiqlənib və proqnoz “pozitiv” olaraq müəyyən edilib.
Agentlik hesab edir ki, PASHA Bank-da 5%-lik payın gözlənilən IPO-su qısamüddətli perspektivdə kapital buferlərini artıra bilər və riskə uyğunlaşdırılmış kapital əmsalını (RAC) 2026–2027-ci illərdə 7–7,5% səviyyəsinə yüksəldə bilər.
S&P həmçinin:
•Kapital Bank-ın reytinqini “BB-/B” səviyyəsində, pozitiv proqnozla,
•Azer-Turk Bank-ın reytinqini isə “B+/B” səviyyəsində, stabil proqnozla saxlayıb.
“Kapital Bank Birbank brendi altında maliyyə və qeyri-maliyyə xidmətləri ekosistemini inkişaf etdirərək mövqelərini möhkəmləndirməkdə davam edir. 2025-ci ildə gözləniləndən daha yavaş artım (ümumi kredit portfelinin təxminən 4% artımı, halbuki 2024-cü ildə bu göstərici 22% idi) kapitalizasiyanın yüksəlməsinə səbəb ola bilər. Bank riskə uyğunlaşdırılmış kapital əmsalını 5,75–6,25% aralığında saxlayacaq”, – agentliyin analitikləri hesab edirlər.





