Dəymiş zərərlərin müəyyənləşdirilməsi üçün aqrar sığorta ekspertlərindən ibarət qruplar bölgələrə ezam olunub
Aprelin 27-dən mayın 11-dək əkin sahələrinə, meyvə bağlarına dəymiş ziyanla bağlı 1651 Çağrı Mərkəzinə 18 rayondan 191 müraciət daxil olub. Son 4 gün ərzində Şəkidən külək, quraqlıq, Cəlilabaddan dolu, Biləsuvardan qasırğa, külək, zərərverici həşəratların hücumu, tufan, Qobustandan dolu, sel, Ucardan dolu, sel-subasma və s. hadisələrlə bağlı məlumat verilib. Son həftələrdə qeyri-sabit hava şəraiti ilə əlaqədar bəzi bölgələrimizdən leysan yağışları, sel, subasma, külək, dolu və digər təbiət hadisələri barədə müraciətlər daha çox Goranboy, Tərtər, Zaqatala, İsmayıllı, Cəlilabad, Şəki rayonlarında baş vermiş güclü yağışlar, dolu, sel və digər sığorta hadisələri ilə əlaqədardır. Dəymiş zərərlərin müəyyənləşdirilməsi üçün aqrar sığorta ekspertlərindən ibarət qruplar bölgələrə ezam olunub. Qruplara Türkiyədən dəvət olunmuş təcrübəli, aqrar sığorta sahəsində lisenziyalı ekspertlər rəhbərlik edir. Qrupların tərkibinə Mərkəzi Bankdan lisenziyası olan təcrübəli ekspertlərlə yanaşı, Aqrar Sığorta Fondunda keçirilən təlimləri müvəffəqiyyətlə bitirərək, DİM-nin test imtahanlarından keçən yeni ekspertlər də daxildir. Onlar bu proseslərə qatılaraq zərərlərin qiymətləndirilməsi üzrə praktik biliklərə yiyələnirlər. Ekspert qrupları artıq bir çox sığortalanmış təsərrüfatlarda zərərin ilkin qiymətləndirilməsini həyata keçiriblər. İlkin qiymətləndirmə dəymiş zərərin düzgün hesablanması, zərər ödənişlərinin vaxtında olunması üçün önəmlidir.
Yekun qiymətləndirmə məhsul yığımından və biçindən öncə təsərrüfat sahiblərinin müraciəti əsasında aparılacaq, dəymiş zərər müəyyən olunacaq. Və bu nəticələrə əsasən, zəruri sənədlər təqdim olunduqdan sonra 7 iş günü ərzində fermerlərə ödənişlər həyata keçiriləcəkdir. Qeyd edək ki, fermerlərlə imzalanmış aqrar sığorta müqaviləsinə əsasən, təsərrüfatını sığortalatmış şəxs müqavilə üzrə baş vermiş sığorta hadisələri barədə 10 gün ərzində vasitəçi aqrar sığortaçıya və ya idarəedici quruma, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan digər səlahiyyətli dövlət orqanlarına məlumat verməlidir. Bitkiçilik üzrə sığorta müqavilələrində dolu, yanğın, zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına, sel və subasma, leysan, ildırım, şaxtavurma (donvurma), normadan artıq yağan qar yağıntıları, üçüncü şəxslərin hərəkətləri kimi sığorta hadisələri üzrə fermerlərə dəymiş zərərin ödənilməsi nəzərdə tutulur. Aqrar Sığorta Fondu indiyədək dövlət dəstəkli aqrar sığorta mexanizmindən istifadə etməyən fermerləri öz təsərrüfatlarını sığortalamağa dəvət edir.