
Türkiyə hökuməti 2025-ci ilin sonuna qədər inflyasiya səviyyəsini 30%-ə qədər azaltmağı gözləyir.
Bunu ölkənin vitse-prezidenti Cevdət Yılmaz “Prime” agentliyinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, gələn il üçün inflyasiya hədəfi 20%-dən aşağı, 2027-ci ilə qədər isə təkrəqəmli səviyyəyə çatmaqdır.
Türkiyə Statistika İnstitutunun məlumatına əsasən, bu ilin sentyabr ayında illik inflyasiya 33,29% təşkil edib. Avqustda isə bu göstərici 32,95% olub.
Xatırladaq ki, sentyabr ayında Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 43%-dən 40,5%-ə endirib. Eyni zamanda, birgünlük kreditlər üzrə faiz dərəcəsi 46%-dan 43,5%-ə salınıb.
Əvvəllər, iyun ayında açıqlanan məlumata görə, ölkədə illik inflyasiya 35,4%-ə qədər yavaşlamışdı. İllik ifadədə ən yüksək qiymət artımı təhsil (71,67%), mənzil (67,43%) və səhiyyə (40,12%) sektorlarında qeydə alınıb. Qida, alkoqol, tütün, otel və nəqliyyat kimi sahələrdə qiymətlər il ərzində 26–36% aralığında artıb.







