
Ukrayna ilə bağlı sülh danışıqlarında irəliləyiş ehtimallarının artması və Çindən gələn zəif iqtisadi göstəricilər fonunda dünya bazarlarında neft qiymətləri ucuzlaşıb.
BBN.az xəbər verir ki, ticarətin erkən saatlarında Brent markalı neftin fyuçersləri 24 sent və ya 0,4% ucuzlaşaraq bir barel üçün 60,32 dollar, WTI markalı ABŞ nefti isə 22 sent və ya 0,39% azalaraq 56,60 dollar səviyyəsinə düşüb.
ABŞ rəsmilərinin bildirdiyinə görə, Vaşinqton Berlində keçirilən görüşlərdə Ukraynaya NATO tipli təhlükəsizlik zəmanətləri təklif edib. Bu addım Avropanın bəzi paytaxtlarında Rusiya–Ukrayna münaqişəsinin diplomatik yolla həllinə yaxınlaşma kimi qiymətləndirilib və Rusiyaya qarşı sanksiyaların yumşaldıla biləcəyi gözləntilərini gücləndirib.
Bununla yanaşı, Çindən açıqlanan zəif iqtisadi məlumatlar bazarlara əlavə təzyiq göstərib. Rəsmi statistikaya əsasən, ölkədə sənaye istehsalının artımı son 15 ayın ən aşağı səviyyəsinə enib. Pərakəndə satışların artım tempi isə 2022-ci ilin dekabrından bəri ən zəif göstərici olub.
Analitiklərin fikrincə, Çin iqtisadiyyatında yavaşlama – xüsusilə elektrik avtomobillərinin geniş yayılması fonunda – dünyanın ən böyük neft idxalçısında tələbin azalmasına səbəb ola bilər.
Bu amillər ABŞ-ın ötən həftə Venesuela sahillərində neft tankerini müsadirə etməsi ilə bağlı tədarük risklərini kölgədə qoyub. Treyderlər bildirirlər ki, üzən neft ehtiyatlarının artması və Çinin mümkün sanksiyalar öncəsi Venesueladan alışları bazara təsiri məhdudlaşdırır.







