
Qlobal əmtəə bazarında neft qiymətləri yeni həftəyə kəskin enişlə başlayıb. ABŞ Prezidenti Donald Trampın İranla danışıqların bərpa olunacağına dair açıqlaması fonunda “qara qızıl”ın qiyməti 5 %-dən çox ucuzlaşıb.
Tticarət məlumatlarına əsasən, “Brent” markalı neftin oktyabr fyuçersləri əvvəlki bağlanış qiyməti ilə müqayisədə 5,17 % azalaraq bir barel üçün 83,38 ABŞ dollarına, WTI markalı neftin sentyabr fyuçersləri isə 5,92 % ucuzlaşaraq 79,66 ABŞ dollarına enib.
Analitiklər qiymət enişini ABŞ Prezidenti Donald Trampın İranla bağlı son açıqlamaları ilə əlaqələndirirlər. Tramp ABŞ-nin ötən həftəsonu İrana qarşı planlaşdırdığı hərbi əməliyyatı ləğv etdiyini bildirib. O, həmçinin ABŞ və İran nümayəndələrinin 3 avqust tarixində danışıqlar aparacağını açıqlayıb.
Bazarda gərginliyin azalacağına dair gözləntilər neftin təklifində mümkün risklərin zəifləməsi kimi qiymətləndirildiyindən, bu, qiymətlərə aşağı istiqamətli təzyiq göstərib.




