Home » Vüsal Qasımlı: “İlin ilk yarısında qeyri-neft sektorunda artım 5,1 faizə yüksəlib”

Vüsal Qasımlı: “İlin ilk yarısında qeyri-neft sektorunda artım 5,1 faizə yüksəlib”

by bbnadm
0 rəy 0 baxış 2 dəqiqə oxuma

Bu ilin ilk yarısında Azərbaycanda iqtisadi artım bərpa olunaraq 2,1 faizə çatıb. Bu barədə məlumat verən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, artım qeyri-neft-qaz sənayesində 16,6 faiz, bitkiçilikdə 8,9 faiz, heyvandarlıqda 2,4 faiz, informasiya və rabitə xidmətlərində 5,5 faiz və pərakəndə ticarət dövriyyəsində 1,7 faiz olub: “Bu il dünyada sənaye artımı 3,5 faiz proqnozlaşdırıldığı halda, Azərbaycanda qeyri-neft sənayesinin 16,6 faiz artması təqdirəlayiqdir. Azərbaycanda iqtisadi artımın əsas drayveri qeyri-neft sənayesidir. Ümumiyyətlə, qeyri-neft sektorunda 5,1 faizlik artım qeydə alınıb. Bu dövrdə manatın məzənnəsi sabit qalmış, inflyasiya isə 4,3 faizə çatmaqla Mərkəzi Bankın müəyyənləşdirdiyi koridorda olub. Baxmayaraq ki, dünya bazar qiymətlərinin yüksəlməsilə idxal inflyasiyası təzyiqi yaranıb, mәzәnnә, pul tәklifi vә faiz dәrәcәlәrindən istifadə etməklə qiymətlərin sabitliyi qorunur. Həm dövlət büdcəsinin, həm də cari əməliyyatlar hesabının profisitdə olması, həmçinin strateji valyuta ehtiyatlarının dövlətin xarici borcunu altı dəfə üstələməsi makroiqtisadi sabitliyin fundamental əsasları sayıla bilər. Qeyri-neft sektoru üzrə ixrac ilk beş ayda 25,8 faiz və Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinin gəlirləri qeyri-neft sektorundan ilk altı ayda 9,5 faiz artıb. Fiskal vә monetar siyasәtin səmərəli koordinasiyası makroiqtisadi sabitliyi təmin edir.”

V.Qasımlı bildirib ki, Azərbaycan iqtisadiyyatı Qarabağın reinteqrasiyası və regional kommunikasiyaların açılması perspektivi, habelə ölkənin müdafiə və rəqabət qabiliyyətinə qarşı yeni tələblərin müəyyənləşməsilə yeni miqyas və keyfiyyət dəyişikliyi ərəfəsindədir: “Artıq Qarabağda minalardan təmizlənmə yeni vüsət alıb, müasir şəhərsalma prosesi tam sürətlə gedir, “ağıllı yaşayış” məntəqələri, salınır, aqrobiznes, dağ-mədən, tikinti, nəqliyyat-logistika, xidmət sferaları bərpa olunur. İşğaldan azad olunan ərazilərdə yaradılan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları regional ixtisaslaşmanı dərinləşdirməklə, idarəetmənin səmərəliliyinin artırılması və tarixi ədalətin bərpası baxımından əhəmiyyətlidir. Xüsusən, Şərqi-Zəngəzurun nəqliyyat-logistika qovşağı kimi “Zəngəzur dəhlizi” perspektivi ilə tamamlayıcı olmasınının böyük siyasi, iqtisadi və tarixi əhəmiyyəti var.”

V.Qasımlı bildirib ki, Azərbaycanın maliyyə-bank sektorunda böhrandan sonra sabitləşmə davam edir, likvidlik və kapital adekvatlığı yüksək səviyyədədir: “İlin əvvəlindən kredit qoyuluşları 3,3 faiz, depozitlər 7,7 faiz, əhalinin əmanətləri 5,3 faiz və bankların xalis xarici aktivləri 10,3 faiz artıb.  Bu il pul siyasәtinin əsas istiqamətləri manatın və qiymәtlərin sabitliyi, monetar siyasәtin effektivliyi, maliyyә sektorunun sabitliyinin tәmin edilmәsi və requlyativ güzәştlәrdәn istifadә etməklə iqtisadiyyatın post-pandemiya dövründə canlanmasına dəstək verməkdir.”

Vüsal Qasımlının sözlərinə görə, ölkənin post-konflikt quruculuğu beynəlxalq miqyasda da yüksək qiymətləndirilib: “Bu il Azərbaycan “Doing Business” hesabatında 34-cü yerdən 28-ci yerə, “İqtisadi azadlıq indeksi” hesabatında 44-cü yerdən 38-ci yerə və “Qlobal kibertəhlükəsizlik” hesabatında 55-ci yerdən 40-cı yerə yüksəlib. IMF-nin missiyası hesab edir ki, Azərbaycan hökuməti cəld hərəkətə keçərək, xarici şokların təsirini yumşaldıb. Bundan sonra iqtisadi siyasətin hədəfi özəl sektorun inkişafı, biznes mühitinin daha da yaxşılaşması, idarəetmə və şəffaflıq sahəsində islahatların davam etdirilməsi, həmçinin maliyyəyə çıxışın yaxşılaşması hesabına iqtisadi şaxələnmənin dərinləşməsi və iqtisadiyyatın şoklara dayanıqlılığının yüksəldilməsi olmalıdır.”

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.