
İqtisadiyyat Nazirliyinin Kollegiyası vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədilə bir sıra normativ hüquqi aktlara dəyişiklik edib.
Bununla bağlı iqtisadiyyat naziri Mikayıl Cabbarov müvafiq qərar imzalayıb.
Qərara əsasən, xüsusi notariuslarla yanaşı, xüsusi icra məmuru fəaliyyəti ilə məşğul olan, lakin məcburi dövlət sosial sığorta haqları göstərməyən vergi ödəyiciləri üzrə Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemindən (AVİS) kənar qaydada kameral vergi yoxlamaları aparılacaq.
Eyni zamanda, xüsusi notariusların gəlir vergisi bəyannaməsinə tətbiq olunan müvafiq forma və əlavələr xüsusi icra məmurlarına da şamil ediləcək.
Dəyişikliyə əsasən, xüsusi icra məmurlarının gəlir vergisi ödəyiciləri üzrə risklərin müəyyənləşdirilməsi zamanı xüsusi notariuslarda olduğu kimi, müəyyən edilmiş risk meyarları nəzərə alınmaqla AVİS-dən kənar kameral vergi yoxlamaları həyata keçiriləcək.
Bundan başqa, xüsusi icra məmurunun fəaliyyəti nəticəsində bir ay ərzində əldə etdiyi standart və əlavə icra haqları (xərclər nəzərə alınmadan) vergitutma obyekti hesab ediləcək.
Həmçinin, xüsusi icra məmurlarının aldıqları standart və əlavə icra haqları, eləcə də xüsusi notariusların notariat hərəkətləri və bu hərəkətlərlə bağlı göstərilən xidmətlərə görə əldə etdikləri gəlirlər verginin düzgün hesablanması və gəlirlərin yoxlanılması zamanı nəzərə alınacaq.




