www.kobmarket.az ticarət portalının imkanları Zaqatala sahibkarlarına təqdim olunub

Zaqatala-Balakən KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən www.kobmarket.az onlayn ticarət platformasının imkanlarına dair sahibkarlar üçün təqdimat keçirilib. 

Mərkəzin eksperti tərəfindən onlayn satış platformasında qeydiyyatdan keçmə, məhsulların yerləşdirilməsi qaydaları, sifarişlərin qəbul edilməsi və portal tərəfindən mütəmadi olaraq təşkil olunan kampaniyalar barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, portal sahibkarların, xüsusilə də mikro və kiçik sahibkarlıq subyektlərinin satış imkanlarının artırılması məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə yaradılıb. Portalda qeydiyyat prosesi sadədir və sahibkar satışa dair zəruri məlumatları hesabat şəklində saytdan əldə edə bilər. www.kobmarket.az platforması regionda fəaliyyət göstərən mikro və kiçik biznes subyektlərinin məhsullarının daha geniş auditoriyaya tanıdılması və satış imkanlarını genişləndirmələri üçün əhəmiyyətli dəstək aləti ola bilər. Ehtiyac yaranacağı təqdirdə Zaqatala-Balakən KOBİM tərəfindən də www.kobmarket.az platformasında onlayn mağazanın yaradılması üçün sahibkarlara müvafiq dəstək göstəriləcəkdir. 

Tədbir zamanı sahibkarlıq subyektlərinin www.kobmarket.az ticarət portalı barədə sualları da cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır