
Azərbaycan Mərkəzi Bankı (AMB) yenilənmiş dizayna və ən son mühafizə elementlərinə malik 100 manatlıq pul nişanını iyulun 15-dən tədavülə buraxıb.
BBN.az xəbər verir ki, “İqtisadiyyat və inkişaf” mövzusuna həsr olunan yenilənmiş 100 manatlıq pul nişanının dizaynı və mühafizə sistemi ən son texnologiya və innovasiyalar tətbiq edilməklə yenilənib.
Yeni banknotda üçölçülü mikrogüzgü effektində rəngi dəyişən holoqram, dinamik işıq effekti saçan və rəngini dəyişən “Spark Flow Prime” elementi, su nişanı, görmə qüsuru olan şəxslər üçün xüsusi qabarıq xətlər, mühafizə sapı, mürəkkəbsiz çap və mikromətnlər kimi müasir təhlükəsizlik elementləri yer alıb.
Bundan əlavə, pul nişanının arxa tərəfi banknot istehsalı sahəsində qlobal tendensiyalara uyğun olaraq şaquli dizaynda hazırlanıb.
Yenilənmiş 100 manatlıq pul nişanının üzərində Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun imzası əks olunub. İmza pul nişanının ön tərəfində, sol yuxarı hissədə yerləşdirilib.
AMB bildirib ki, ölkə ərazisində istifadə olunan bütün nağd pul sistemləri və avadanlıqları yeni 100 manatlıq əsginasın qəbuluna uyğunlaşdırılıb. Yenilənmiş 100 manatlıq pul nişanı hazırda dövriyyədə olan eyni nominallı əsginaslarla paralel şəkildə istifadə ediləcək və ödəniş vasitəsi kimi məhdudiyyətsiz qəbul olunacaq.




