2020-ci ilin birinci rübü üzrə Azərbaycan Respublikasının TƏDİYƏ BALANSI

Ölkəyə daxil olan və çıxan valyutanın həcmini, o cümlədən, ölkənin dünyanın geridə qalan hissəsi ilə apardığı ticarət əməliyyatlarını, investiisya qoyuluşlarını, həmçinin pul köçürmələrini, xaricdən əldə edilən divident ödənişlərinin həcmini, eləcə də humanitar yardımları və s. biz Tədiyə Balansı vasitəsi ilə izləyə bilərik. Belə ki, Tədiyə Balansı ölkənin xariclə apardığı bütün əməliyyatların pul formasında əks etdirildiyi hesablar toplusudur. Tədiyə balansı və onun metodoloji tərtibatı haqqında daha dolğun və ətraflı məlumatı linkdən əldə edə bilərsiniz. Həmçinin tədiyə balansı ilə bağlı animasiya ilə də tanış ola bilərsiniz.

Xarici mühitin əlverişsiz olduğu bir şəraitdə 2020-ci ilin I rübü üzrə tədiyə balansının əsas maddələri olan cari əməliyyatlar balansında (CƏB) 646 mln.$ profisit, kapital və maliyyənin hərəkəti hesabında isə 1.4 mlrd.$ kəsir yaranmış, ehtiyat aktivləri 1.3 mlrd.$ azalmışdır. Bu dövrdə orta rüblük neft qiyməti 58 dollar/barel olmuş, qeyri-neft ixracı isə 4% artmışdır.

2020-ci ilin birinci rübü üzrə tədiyə balansının əsas göstəriciləri

Cari əməliyyatlar hesabı

2020-ci ilin I rübü üzrə cari əməliyyatlar hesabının profisiti ötən ilin müvafiq dövrünə nəzərən 2.5 dəfə azalaraq 646.3 mln.$ təşkil etmişdir. Neft-qaz sektoru üzrə CƏB profisiti ötən ilin müvafiq dövrünə nəzərən 19.2% (0.6 mlrd.$) azalaraq 2.4 mlrd.$, qeyri-neft sektoru üzrə CƏB kəsiri isə 28.4% (0.4 mlrd.$) artaraq 1.8 mlrd.$ məbləğində olmuşdur. Nəticədə cari  əməliyyatlar hesabında neft-qaz sektorunun profisiti qeyri-neft sektorunun kəsirini tam örtmüşdür. CƏB profisiti əsasən xarici ticarət balansının profisiti hesabına formalaşmışdır.

Xarici ticarət balansı

2020-ci ilin I rübü üzrə xarici ticarət dövriyyəsi 7.1 mlrd.$ təşkil etmiş, neft-qaz sektoru üzrə 3.6 mlrd.$ həcmində yaranmış profisit, qeyri-neft sektoru üzrə 1.7 mlrd.$-lıq kəsiri bağlamış və nəticədə xarici ticarət balansında 1.9 mlrd.$-lıq (24.7% azalma) profisit yaranmışdır. Hesabat dövründə Azərbaycanın dünyanın 155 dövləti ilə ticarət əlaqələri olmuşdur. Xarici ticarətin 13%-i MDB üzvü olan dövlətlərin, 87%-i isə digər xarici dövlətlərin payına düşür.

Əmtəə ixracı. Hesabat dövründə əmtəə ixracı 4.5 mlrd.$ (6% azalma) təşkil etmişdir. Dövr ərzində neft-qaz sektoru üzrə ixracın həcmi 6.9% azalaraq 4.1 mlrd.$ olmuşdur (bu əsasən dünya bazarlarında xam neft qiymətinin 7% azalması ilə əlaqədardır). İxrac olunmuş neft məhsullarının (3.3 mlrd.$) 3.2 mlrd.$-ı xam neftin, 95 mln.$-ı isə neft emalı məhsullarının payına düşür. 2020-ci ilin I rübündə qeyri-neft ixracı 3.9% artaraq 411 mln.$ olmuşdur.

Əmtəə idxalı. 2020-ci ilin I rübündə əmtəə idxalı ö.i.m.d.n. 14.6% artaraq 2.6 mlrd.$ təşkil etmişdir, o cümlədən istehlak mallarının idxalının ümumi dəyəri isə 1.1 mlrd.$ olmuş, bunun da 352 mln.$-ı ərzaq məhsullarının payına düşür. Qeyri-neft sektoru üzrə idxal 12.4% artaraq 2.1 mlrd.$ olmuşdur. Qeyri-neft idxalının strukturunda minik avtomobillərinin (52%), metalların (48.3%), tərəvəz məhsullarının (13.9%), kağız məmulatlarının (12.6%), ağac məmulatlarının (11.2%), daş və şüşə məmulatlarının (4.4%) idxalı artmış, dəmiryol nəqliyyat vasitələrinin (93.5%), şəkərin (61.2%), dənli bitkilərin (52.3%), tütün və tütün məhsullarının (9%), kimya məhsullarının (2.9%), alkoqollu və alkoqolsuz içkilərin (2%), mebel məhsullarının (1.1%) idxalı isə azalmışdır. İdxalın strukturunda xarici investisiyalar hesabına gətirilmiş maşın-avadanlıqların və malların xüsusi çəkisi 7.1% təşkil edərək 184.4 mln.$ olmuşdur.

Xidmətlər balansı

2020-ci ilin I rübü üzrə xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin ümumi həcmi 2.2 mlrd.$ təşkil etmişdir. Bunun 1.5 mlrd.$-ı qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 0.7 mlrd.$-ı isə Azərbaycan rezidentlərinin xarici ölkələrin rezidentlərinə göstərilən xidmətlərdir. Nəticədə xidmətlər balansında yaranan kəsir 1.7 dəfə artaraq 0.8 mlrd.$ olmuşdur. Neft-qaz sektoru üzrə xidmətlər balansının (əsasən tikinti xidmətləri və digər işgüzar xidmətlər) kəsiri 634.3 mln.$ olmuşdur. Qeyri-neft sektoru üzrə xidmətlər balansının kəsiri isə 192.2 mln.$ olmuşdur. Qarşılıqlı xidmətlər dövriyyəsinin 30%-i nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşür. Ümumi dəyəri 681 mln.$ olan nəqliyyat xidmətlərinin 43.3%-i qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat xidmətlərindən istifadəsi ilə əlaqədardır. Azərbaycanın rezidentlərinin qeyri-rezidentlərə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri 295 mln.$, qeyri-rezidentlərin Azərbaycan rezidentlərinə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri isə 386 mln.$ təşkil etmişdir. Dövr ərzində qeyri-neft sektoru üzrə nəqliyyat xidmətlərinin ixracı ö.i.m.d.n. 0.2% azalmış, idxalı isə 44.7% artmışdır. Nəticədə bu maddə üzrə 2019-cu ilin I rübündə 27.1 mln.$ olan kəsir 2020-ci ilin I rübündə 5.4 dəfə artaraq 146 mln.$ təşkil etmişdir. 3 2020-ci ilin I rübü üzrə qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 18% azalaraq 549 mln.$ təşkil etmişdir. Hesabat dövrü ərzində turizm xidmətləri üzrə idxalın (281.7 mln.$) ixracı (267.4 mln.$) üstələməsi nəticəsində 14.3 mln.$ (ö.i.m.d.n. 2.3 dəfə azalma) həcmində kəsir yaranmışdır. Hesabat dövrü ərzində xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 23%, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 15% azalmışdır. Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin dəyəri 281.7 mln.$ məbləğində olmuşdur. Bunun 86%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı xarici ölkələrdə olarkən sərf etdikləri vəsaitlərin (məkik idxal üçün vəsaitlər istisna olmaqla) payına düşür. Hesabat dövründə qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə göstərilən tikinti xidmətlərinin dəyəri 3.1 dəfə azalaraq 5.4 mln.$ təşkil etmişdir. Qeyri-neft sektoru üzrə qeyrirezidentlərə ödənilən digər işgüzar xidmətlərin dəyəri isə 1.6 dəfə azalaraq 140.3 mln.$ olmuşdur.

İlkin gəlirlər balansı

Hesabat dövründə neft-qaz sektoru üzrə 566.5 mln.$ kəsir, qeyri-neft sektoru üzrə isə 109.7 mln.$ profisit olmuşdur. Nəticədə ilkin gəlirlər balansında kəsir 11.2% azalaraq 456.8 mln.$ təşkil etmişdir. İlkin gəlirlər üzrə daxilolmaların və ödənişlərin ümumi dövriyyəsi 1.1 mlrd.$ olmuşdur. Bunun 71.5%-i (759.1 mln.$) Azərbaycandan qeyri-rezidentlərə ödənişlər təşkil edir. Bu məbləğin isə əsas hissəsini (407.1 mln.$) beynəlxalq neft-qaz konsorsiumları üzrə xarici investorların payına düşən gəlirlərin repatriasiyası (əsasən xam neft şəklində), qiymətli kağızlar portfeli üzrə qeyrirezidentlərə ödənilən faizlər (169.5 mln.$), xarici kreditlərdən istifadəyə görə ödənilən faizlər (88.7 mln.$) və digər ödənişlər (93.8 mln.$) təşkil edir.

Təkrar gəlirlər balansı

Təkrar gəlirlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi dəyəri 356.9 mln.$ məbləğində qiymətləndirilmişdir. Daxilolmalar 206.7 mln.$, ödənişlər isə 150.2 mln.$ təşkil etmişdir. Təkrar gəlirlər üzrə ümumi daxilolmaların 91%-i xarici ölkələrdən fiziki şəxslərin pul baratları, 7.2%-i ölkəyə gətirilən humanitar və yardım mallarının dəyəri, 1.8%-i isə digər daxilolmalar təşkil edir. Ölkəyə göndərilən pul baratlarının həcmi 12.6% azalaraq 188 mln.$, ölkədən çıxarılan pul baratlarının həcmi isə 37% artaraq 122.3 mln.$ olmuşdur. Nəticədə pul baratları üzrə 65.6 mln.$ müsbət saldo yaranmışdır. Bütövlükdə, təkrar gəlirlər üzrə əməliyyatların saldosu müsbət 56.5 mln.$ (2.4 dəfə azalma) təşkil etmişdir..

Maliyyə hesabı

2020-ci ilin I rübü üzrə ölkənin xalis maliyyə aktivləri 1 526.7 mln.$ artmışdır. Bu göstərici xaricə yönəldilmiş birbaşa investisiyalar (336.6 mln.$), portfel investisiyaları (-144.9 mln.$) və digər investisiyalar (1 335 mln.$) hesabına formalaşmışdır. Hesabat dövründə ölkənin xalis maliyyə öhdəlikləri isə 132.6 mln.$ artmışdır ki, bu da xaricdən cəlb olunmuş xalis birbaşa investisiyalar (188.4 mln.$), neft bonusu (451.6 mln.$), portfel investisiyaları (-50.2 mln.$) və digər investisiyalar (-457.2 mln.$) hesabına formalaşmışdır.

2020-ci ilin birinci rübü üzrə xalis maliyyə aktivləri və öhdəlikləri

Birbaşa investisiyalar

Birbaşa investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 1.2 mlrd.$ olmuşdur. Ölkə iqtisadiyyatına yatırılmış birbaşa investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 80% təşkil etmişdir. 2020-ci ilin I rübündə tədiyə balansında birbaşa investisiyalar maddəsinin neft-qaz sektoru üzrə xalis maliyyə öhdəliklərinin (38.9 mln.$) artımı cəlb olunmuş investisiya ilə (951.1 mln.$) kapitalın repatriasiyası (990 mln.$) arasındakı fərqdən formalaşır. Qiymətləndirmələrə görə qeyri-neft sektoruna cəlb olunmuş birbaşa investisiyaların ümumi məbləği 237.2 mln.$ olmuşdur.

Haşiyə 1. Azərbaycanın neft-qaz sektoruna cəlb olunmuş investisiyaların həcmi, strukturu, investorlar arasında pay bölgüsü və qoyulmuş sərmayələrin sonradan gəlir və kapital formasında ölkədən çıxarılması (repatriasiya) müvafiq beynəlxalq neft-qaz sazişlərinə və BVF-nun tövsiyələrinə əsasən həyata keçirilməkdədir. Bağlanmış müqavilələr əsasında gəlirlərin “repatriasiyası” dövr ərzində xarici investorun yatırdığı investisiyadan əldə etdiyi gəlirdir. Qeyd edək ki, bu sazişlərə əsasən müvafiq konsorsiumlarda olan payçılar hesabat dövrü ərzində Azərbaycan iqtisadiyyatına qoyduqları investisiyaların hamısını hasil edilən və ixrac olunan xam neft şəklində geri götürürlər (kapitalın repatriasiyası). Bu əməliyyat faktiki olaraq tədiyə balansının maliyyə hesabında ölkənin birbaşa investisiyalar üzrə xarici öhdəliklərinin azalması (mənfi işarə) deməkdir (“-” net incurrence of liabilities).

Portfel investisiyaları

Portfel investisiyaları üzrə daxilolmalar 197.5 mln.$, ödənişlər isə 102.9 mln.$ təşkil etmiş, nəticədə 94.6 mln.$ müsbət saldo yaranmışdır. Hesabat dövründə portfel investisiyaları üzrə aktivlər əsasən bankların və dövlət sektorunun hesabına, öhdəliklər isə neft-qaz sektoru hesabına azalmışdır.

Kreditlər və digər investisiyalar

Hesabat dövründə kreditlər və ssudalar üzrə xalis maliyyə aktivləri 9.6 mln.$, xalis maliyyə öhdəlikləri isə 199.7 mln.$ azalmışdır. Kreditlər və ssudalar üzrə xalis maliyyə öhdəlikləri birbaşa dövlət kreditləri, dövlət təminatlı kreditləri, bankların kreditləri, neft-qaz sektorunun kreditləri və firmaların və digər müəssisələrin kreditləri hesabına azalmışdır. Depozitlər və nağd valyuta üzrə xalis maliyyə aktivləri 611.4 mln.$ artmış, xalis maliyyə öhdəlikləri isə 79.8 mln.$ azalmışdır.

Ehtiyat aktivləri

2020-ci ilin I rübü üzrə ölkənin ehtiyat aktivləri 1.3 mlrd.$ məbləğində azalmışdır.

Haşiyə 2. Ehtiyat aktivləri – bu maddə Cari əməliyyatlar və Maliyyə hesabında baş vermiş əməliyyatların nəticəsi olaraq ölkənin valyuta ehtiyatlarının artıb/azalmasını ifadə edir. Təcrübədə cari əməliyyatlar hesabı kəsirli/profisitli olduqda, bu kəsir/profisit kapital və maliyyə hesabının profisiti/kəsiri hesabına maliyyələşməlidir/örtülməlidir. Lakin, əgər cari hesabın kəsiri/profisiti tam olaraq kapital və maliyyə hesabının profisiti/kəsiri hesabına maliyyələşmirsə/örtülmürsə, onda bu fərq ehtiyat aktivləri (valyuta ehtiyatları) hesabına maliyyələşə/örtülə bilər. Tədiyə balansının ümumi kəsirini ehtiyat aktivlər maliyyələşdirmirsə (və ya əksinə, profisit ehtiyat aktivlərin artımında əks olunmursa), yaranan fərq balanslaşdırıcı maddələrdə saldo kimi öz əksini tapır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır