
İqtisadi fəaliyyət sahəsində törədilən bəzi cinayətlərə görə cinayət məsuliyyətindən azadolma mexanizminin təkmilləşdirilməsi nəzərdə tutulur.
Bununla bağlı Cinayət və Cinayət-Prosessual məcəllələrinə dəyişikliklərin edilməsi təklif olunur. Qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, eləcə də Əmək və sosial siyasət komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, qanunsuz sahibkarlıq, yalançı sahibkarlıq, rəqabətin məhdudlaşdırılması və digər iqtisadi cinayətləri törətmiş şəxslər vurulmuş ziyanı tam şəkildə ödədikdə və ya cinayət nəticəsində əldə olunmuş gəliri tamamilə dövlət büdcəsinə köçürdükdə, əlavə olaraq həmin məbləğin bir misli deyil, 50 faizi həcmində ödəniş etdikləri halda cinayət məsuliyyətindən azad edilə biləcəklər.
Təklif olunan dəyişiklik hazırkı qaydalarla müqayisədə məsuliyyətdən azadolma üçün tələb olunan əlavə ödəniş məbləğini azaldır.
Bununla yanaşı, layihədə yalançı sahibkarlıq anlayışının da genişləndirilməsi nəzərdə tutulur. Belə ki, qanunsuz kredit almaq, rüsumlardan yayınmaq, digər əmlak mənfəəti əldə etmək və ya qadağan olunmuş fəaliyyəti gizlətmək məqsədilə sahibkarlıq fəaliyyəti göstərmək niyyəti olmadan fiziki şəxs kimi vergi uçotuna alınma, həmçinin bu məqsədlərlə hüquqi şəxsin və ya vergi uçotunda olan fiziki şəxsin fəaliyyətinin faktiki idarə edilməsi də yalançı sahibkarlıq hesab ediləcək.
Dəyişikliklərin məqsədi iqtisadi cinayətlər üzrə hüquqi tənzimləmənin təkmilləşdirilməsi, ziyanın ödənilməsinin təşviqi və sahibkarlıq fəaliyyətindən sui-istifadə hallarına qarşı mübarizənin gücləndirilməsidir.




