2021-ci ilin 8 ayında ümumi daxili məhsul 3.6%,artmışdır

Makroiqtisadi stimulların davam etməsi, xarici və daxili tələbin yüksəlmə meyli şəraitində iqtisadiyyat artım trayektoriyasında hərəkət edir.

Məcmu təklif məcmu tələbin genişlənməsinə adekvat reaksiya verməkdədir. 2021-ci ilin 8 ayında ümumi daxili məhsul real ifadədə 3.6%, o cümlədən qeyri neft-qaz sektoru üzrə 5.7% artmışdır. Qeyri neft-qaz sənayesində 18.7%, kənd təsərrüfatında 5%-lik iqtisadi artım baş vermişdir.

8 ayda ötən ilin eyni dövrünə nəzərən pərakəndə ticarət dövriyyəsi 2.7%, ödənişli xidmətlərin istehlakı 4.9% artmışdır. İstehlakın artmasında sərt karantin dövründə yaranmış yığımların xərclənməsi, kredit aktivliyinin bərpası, habelə xarici səfərlərin məhdudlaşması səbəbindən ölkə daxili xidmətlərə tələbin artması da müəyyən rol oynamışdır. Son rübdə istehlakçı inamı indeksi ötən rüblə müqayisədə əhəmiyyətli yaxşılaşmışdır. Bununla belə, pandemiyanın yeni dalğalarının və yeni ştammların mümkünlüyü şəraitində məcmu tələbin perspektivləri ilə bağlı qeyri-müəyyənliklər qalmaqdadır.

Mərkəzi Bank tərəfindən aparılan real sektorun monitorinqinin nəticələrinə görə avqust ayında biznes inam indeksi əvvəlki aya nəzərən qeyri-neft sənayesi, ticarətdə və xidmətdə azalmış, tikinti sektorunda isə artmışdır. Bütün sektorlar üzrə biznes inam indeksi pozitiv zonada qərarlaşmışdır.

Qiymətləndirmələrə görə cari ilin sonunadək qeyri-neft sektoru üzrə məcmu buraxılış kəsiri pozitiv zonada qalacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır