Dünya ölkələrinin rəqəmsallaşmaya doğru illərdir sürətlə irəliləməsinə baxmayaraq, kriptovalyutalar hələ də bir çox istehlakçılara qaranlıq qalmaqdadır. Kriptovalyutalar Qərbi Avropa ölkələri, Cənubi Koreya, Yaponiya kimi bir sıra Asiya ölkələrində böyük rəğbətlə qarşılansa da, bəzi ölkələr kriptovalyutadan istifadəni məhdudlaşdırmağa davam edir. Bununla belə, kriptovalyutalarla bağlı proqnozlar gələcək üçün yüksək perspektivlər vəd edir.
“Currency.com” maliyyə portalının kriptovalyutalar üzrə eksperti Mixail Karxalov 2022-ci ildə ən yüksək artım gözlədiyi kriptovalyutaların adlarını ictimaiyyətə açıqlayıb. Karxalov tərəfindən açıqlanan siyahıda cari ildə ən yüksək perspektivə malik kriptovalyuta “Sand” olub. “Sandbox” rəqəmsal platformasının nəzdində fəaliyyət göstərən kriptovalyuta “Adidas”, “Atari” kimi bir sıra beynəlxalq brendlərlə tərəfdaşlığa girib və cari ildə dəyərinin artacağı proqnozlaşdırılıb.
2022-ci ildə sürətli artımı gözlənilən digər kriptovalyutalar isə, “1inch”, “Polygon”, “Near Protocol” “Uniswap” və “Litecoin” olub.