Home » 2023-cü il yanvarın 1-dən Azərbaycanın İKT sektoruna genişmiqyaslı güzəştlər tətbiq ediləcək

2023-cü il yanvarın 1-dən Azərbaycanın İKT sektoruna genişmiqyaslı güzəştlər tətbiq ediləcək

by bbnadm
0 rəy 0 baxış 2 dəqiqə oxuma

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İKT sektoru ilə bağlı qəbul olunmuş, müvafiq qanunlara və məcəllələrə dəyişiklikləri və onların tətbiqini nəzərdə tutan bir sıra sənədlər imzalayıb.

Həmin sənədlərə əsasən, 2023-cü il yanvarın 1-dən etibarən Azərbaycan regionda İKT sektoruna ən genişmiqyaslı güzəştlər tətbiq edilən ölkələr siyahısında yer alacaq.

Belə ki, bu dəyişikliklər nəticəsində İKT sahəsində fəaliyyət göstərən şirkətlərə, bu şirkətlərdə çalışan fiziki şəxslərə, eləcə də xarici vətəndaşlara mühüm vergi güzəştləri tətbiq ediləcək.

Bununla yanaşı, həm yerli, həm də əcnəbi işçilərin məcburi sosial dövlət sığorta ödənişləri ilə bağlı əhəmiyyətli güzəştlər nəzərdə tutulub. Miqrasiya Məcəlləsinə edilən dəyişikliyə əsasən, əcnəbi mütəxəssislərin ölkə ərazisində əmək fəaliyyəti ilə məşğul olmaları üçün işəgötürənlər tərəfindən iş icazəsinin alınması tələb olunmayacaq.

Bu, vergi və sosial müdafiə güzəştləri ilə bağlı ölkədə konkret bir sektoru hədəfləyən ilk dəyişikliklər paketlərindən biridir.  Bu, cənab Prezidentin Azərbaycanda İKT sektorunun inkişafına xüsusi diqqət və qayğısının göstəricisidir.

Oxşar güzəştlər regionun bir çox dövlətləri tərəfindən də tətbiq edilib. Bunlar, sadəcə, İKT sektorunun inkişafı üçün münbit şərait yaradılması baxımından bizi regionun digər ölkələri ilə bərabər səviyyəyə gətirir. Tətbiq edilən dəyişikliklərin əsas məqsədi ölkəmizdə İKT sahəsinin stimullaşdırılması, sahəyə yeni oyunçuların cəlb olunması və ölkəmizin regionun İKT mərkəzinə çevrilməsidir. Güzəştlər, həmçinin xarici İKT şirkətlərinin Azərbaycanda filial və ya nümayəndəlik açması, yerli bazara xarici investisiyaların cəlb olunması və “beyin axını”nın “beyin qazancı” ilə əvəz edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Sonuncu çox önəmlidir. Ölkəmizi innovasiyalar məkanına çevirmək üçün İKT sektorunda çalışan mütəxəssislərin kritik kütləsini toplamaq şərtdir. Bunun üçünsə ölkəmizdən “beyin axını”nın qarşısını almaqla yanaşı, xarici ölkələrdən mütəxəssislər cəlb etmək tələb olunur. Tətbiq olunan güzəştlər həm də bu baxımdan əhəmiyyətlidir. Əcnəbi mütəxəssislərin və beynəlxalq şirkətlərin ölkəmizə gəlişi iqtisadi aktivliklə yanaşı, Azərbaycanda biznes mühitinin və startap mədəniyyətinin yaxşılaşdırılması baxımından mühüm töhfə verəcək. Ölkə olaraq bu təcrübəni enerji sektorunda yaşamışıq. Qabaqcıl transmilli şirkətlərin ölkəyə sərmayə qoyması mühüm iqtisadi təsirlərlə yanaşı, yerli mütəxəssislərin, o cümlədən yerli biznes rəhbərlərinin formalaşmasını şərtləndirdi. Nəticə etibarilə, beynəlxalq şirkətlər bu gün həm Azərbaycanda, həm də ölkə kənarında çalışan yüzlərlə yerli rəhbəri yetişdiriblər.

Hesab edirik ki, qanunlara və məcəllələrə edilən dəyişikliklər ortamüddətli perspektivdə Azərbaycanın İKT sektoruna da canlanma gətirəcək və sahibkarlıq mədəniyyətinin daha da inkişaf etməsinə öz töhfəsini verəcək.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.