
Azərbaycanda sosial şəbəkələr və “WhatsApp” vasitəsilə vətəndaşların bank kartı məlumatlarını ələ keçirərək vəsaitlərini mənimsəməkdə şübhəli bilinən şəxs saxlanılıb.
BBN.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-texniki tədbirlər nəticəsində Elcan Cəfərov tutulub.
Araşdırma zamanı müəyyən edilib ki, şübhəli şəxs sosial şəbəkələrdə bank olmayan kredit təşkilatlarının rəsmi səhifələrinə bənzər saxta səhifələr yaradıb. Daha çox şəxsi cəlb etmək üçün həmin səhifələr “WhatsApp” qruplarında və sosial şəbəkələrdə reklam olunub.
Saxta platformalara daxil olan vətəndaşlardan kredit rəsmiləşdirilməsi adı altında kart nömrəsi, son istifadə tarixi, CVV və OTP kodları tələb edilib. Əldə olunan məlumatlardan istifadə etməklə kartlardakı vəsaitlər başqa şəxslərin hesablarına köçürülərək nağdlaşdırılıb.
Faktla bağlı cinayət işi başlanılıb. E. Cəfərov cinayət məsuliyyətinə cəlb edilib və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
DİN vətəndaşlara sosial şəbəkələrdə yayılan kredit elanlarının doğruluğunu yoxlamağı, maliyyə xidmətindən istifadə etməzdən əvvəl qurumun qanuni fəaliyyət göstərdiyinə əmin olmağı tövsiyə edir.
Həmçinin vurğulanır ki, PIN, CVV/CVC və OTP kodları heç bir halda tanımadığınız şəxslərə və şübhəli internet səhifələrinə təqdim edilməməlidir. Banklar və digər rəsmi qurumlar bu məlumatları telefon, mesaj və ya sosial şəbəkələr vasitəsilə tələb etmir.





