Nyu York mərkəzli beynəlxalq nəşrlərdən olan “Time Magazine” jurnalı periodik olaraq buraxdığı “Person of the Year” hesabatının 2021-ci il üzrə nəşrini dərc edib. Dərc edilən nəşrdə 2021-ci il üzrə “İlin adamı” tituluna beynəlxalq elektromobil nəhəngi “Tesla”nın təsisçisi Elon Mask layiq görülüb. Başlıq olaraq isə, “Şəxsi evi olmayan, səhmlərini satışa çıxaran, bununla belə fəzaya peyk göndərən və avtopilot funksiyalı elektromobil istehsal edən şəxs” qeyd edilib.
Digər tərəfdən isə, Elon Maskın bu titula layiq görülməsi cəmiyyətdə birmənalı qarşılanmayıb. Belə ki, bəzi senatorlar da daxil olmaqla bir çox ictimai nümayədələr öz sosial media hesablarından paylaşım edərək “Time” jurnalının bu qərarını qınayıblar və Elon Maskın ABŞ qanunvericiliyindəki boşluqlardan istifadə edərək bir sıra vergilərdən yayındığını bildiriblər.
Məlumat üçün qeyd edək ki, ötən il “İlin adamı” tituluna Co Bayden və Kamala Harris layiq görülüb. Ümumilikdə isə, 1927-ci ildən etibarən start verilən bu konsepsiyada ilk “İlin adamı” adını pilot vəzifəsini icra edən Çarls Lindberq alıb.