DEİK-in təşkilatçılığı ilə keçirilən seminarda inşaat sahəsində Azərbaycan və Türkiyənin potensialı, bu sektorun biznes təşəbbüslərinin genişləndirilməsinə töhfəsi müzakirə edilib.
Bakı Ekspo Mərkəzində keçirilən “Rebuild Karabakh”, “BakuBuild”, “Aquatherm Baku” və “Road&Traffic” sərgiləri çərçivəsində Türkiyənin Xarici İqtisadi Əlaqələr Komitəsinin (DEİK) Türkiyə-Azərbaycan İşgüzar Şurası tərəfindən “Müasir inşaat texnologiyaları sahəsində Türkiyə-Azərbaycan əməkdaşlığı” mövzusunda seminar keçirilib.
Tədbirdə hər iki ölkənin rəsmi qurumlarının nümayəndələri, biznes assosasiyaların təmsilçiləri və iş adamları iştirak ediblər.
Seminarda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov tikinti sektorunun ölkələrimiz arasında biznes təşəbbüslərinin genişləndirilməsi baxımından böyük potensialının olduğunu qeyd edib. Bildirilib ki, Azərbaycanda yeni texnologiyalar əsasında işləyən sement zavodları, metal konstruksiyalar, müasir tikinti materialları istehsal edən müəssisələr mövcuddur. Ölkəmiz bir sıra tikinti materiallarının istehsalı üçün xammal ehtiyatları ilə də zəngindir. Yeni KOB meyarlarının tətbiq edildiyi 2018-ci ildən ötən dövr ərzində tikinti sektorunda fəaliyyət göstərən KOB subyektlərinin sayında artım müşahidə edilir. Hazırda bu sahədə 15 minə yaxın KOB subyekti fəaliyyət göstərir. Bu, müvafiq sektorda ixtisaslaşan KOB subyektlərinin bilik, bacarıq və təcrübələrinin kifayət qədər formalaşdığını göstərir. Azərbaycan və Türkiyə arasında tikinti sektorunda əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş imkanlar var. Bu potensialın reallaşdırılmasında KOBİA da biznes dairələrinə dəstək göstərməyə hazırdır.