Energetika naziri Pərviz Şahbazov Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edib. Nazir və onun rəhbərlik etdiyi nümayəndə heyəti 16-18 aprel tarixlərində Əbu-Dabi şəhərində keçiriləcək Dayanıqlılıq Həftəsi çərçivəsində Yaşıl Hidrogen Sammitində və Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) Assambleyasının 14-cü sessiyasında iştirak edəcək.
Energetika nazirinin Yaşıl Hidrogen Sammiti çərçivəsində “Yaşıl Hidrogen İqtisadiyyatlarını Sürətləndirmək üçün Milli Strategiyalar və Siyasətlər” adlı nazirlər panelində məruzəçi qismində iştirakı, IRENA Assambleyasının 14-cü sessiyası çərçivəsində isə IRENA Fəaliyyət Koalisiyasının “100% Bərpa Olunan Enerji Sisteminə doğru Təkanın Yaradılması” mövzusunda keçiriləcək Yüksək Səviyyəli Dövlət-Özəl Dialoqunda və “Bərpa Olunan Enerjinin Üçqat Artırılması” mövzusu üzrə yüksək səviyyəli plenar sessiyada çıxışı nəzərdə tutulur.
Səfər çərçivəsində ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır.