İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və Estoniyanın “Digital Nation” şirkətinin əməkdaşlığı çərçivəsində “Rəqəmsal Transformasiya üzrə Rəhbər” təlim proqramı keçirilib.
Mayın 15-də keçirilən təlimin ilk günü Azərbaycanda rəqəmsal hökumət həlləri, mövcud çağırışlar, rəqəmsal hökumət quruculuğunda Estoniya nümunəsi və hökumət xidmətlərinə texnologiyanın inteqrasiyası kimi mövzuları əhatə edib. 3 gün davam edən sessiyalar, həmçinin dataya əsaslanan qərarvermə mexanizmləri, vörkşoplar, layihələr üzərində komanda işi, beynəlxalq təcrübənin öyrənilməsi və xarici ekspertlərlə əlaqə imkanlarını özündə birləşdirir. Tədbirə açılış nitqi ilə başlayan rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov İRİA-nın Rəqəmsal Akademiya proqramının gələcəyin rəqəmsal liderlərinin yetişdirilməsində xüsusi rolunu vurğulayıb. “Dövlətin rəqəmsallaşmasında əsas məqsəd sadəcə qurumlararası məlumat mübadiləsini daha sürətli və effektiv etmək deyil, eyni zamanda cəmiyyətin və biznesin mənafeyinə xidmət etməkdir”, – deyə nazir müavini qeyd edib.
İRİA-nın Rəqəmsal Akademiya Proqramının rəhbəri Aleksey Qusev rəqəmsal transformasiyanın önəmindən və proqramın missiyasından bəhs edib: “Bu təlimlər Azərbaycanda rəqəmsal liderlik potensialını üzə çıxarır və dayanıqlı rəqəmsal gələcək üçün möhkəm təməl yaradır. Hazırki təlim sessiyası proqramın başlanğıcıdır, iyun ayında daha bir sessiya, iyulda isə yekun təqdimat günü baş tutacaq. Həmin tədbirdə proqramın iştirakçıları qruplar halında ekspertlər paneli qarşısında öz təqdimatları ilə çıxış edəcəklər”. Proqramda ötən illə müqayisədə 30-a yaxın dövlət orqanının 50-dən çox rəhbər nümayəndəsi iştirak edib. Təlimlər ərzində rəqəmsal hökumət sahəsində Avropanın qabaqcıl ekspertləri tərəfindən proqram iştirakçılarına rəqəmsal transformasiya sahəsində praktiki alətlər və effektiv metodlar öyrədilir. Rəhbər şəxslərdən ibarət qruplar rəqəmsal transformasiya sahəsində liderlik bacarığı və səriştələrini inkişaf etdirirlər.
Açılış günündə çıxış edən İRİA-nın sədrinin müavini Rəşad Xalıqov təlim haqqında öz fikirlərini bölüşüb: “Bu təlimlər dövlət sektorunda rəqəmsal səriştələrin təşəkkülü baxımından müstəsna əhəmiyyətə malikdir. Məqsədimiz qabaqcıl dünya təcrübəsini Azərbaycana gətirmək və rəqəmsal Azərbaycanın quruculuğunda tərəfdaş qurumlarla daha səmərəli fəaliyyət göstərməkdir”. Təlimlərin keçirilməsi üçün rəqəmsal hökumət quruculuğu üzrə böyük təcrübəyə sahib Estoniyanın “Digital Nation” şirkətinin mütəxəssisləri İRİA tərəfindən ölkəmizə dəvət edilib. Şirkətin nümayəndəsi Siim Sikkut təlimlər haqqında: “Azərbaycanda rəqəmsal transformasiya mövzusuna maraq böyükdür və İRİA ilə bu istiqamətdə əməkdaşlığımız olduqca dinamik inkişaf edir. Bu əməkdaşlığın nəticəsidir ki, təlimlər ardıcıl xarakter alıb və artıq ikinci dəfə keçirilir. Təlimlər zamanı həm Estoniyanın qlobal müstəvidə tanınan uğurlu təcrübəsini paylaşırıq, həm də müzakirələr zamanı Azərbaycanın indiyə qədər əldə etdiyi rəqəmsal irəliləyiş ətrafında təcrübə mübadiləsi aparırıq”.
Qeyd edək ki, “Rəqəmsal Transformasiya üzrə Rəhbər” proqramının keçirilməsində əsas məqsəd dövlət sektorunda dayanıqlı rəqəmsal transformasiya üzrə təcrübəni inkişaf etdirmək və bu sahədə liderlər qrupunun formalaşdırılmasına təkan verməkdir.