İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Prof. Dr. Vüsal Qasımlı Almaniyanın Süni İntellekt Araşdırma Mərkəzinin professoru Nicat Mehdiyev və “Enterprise Azerbaijan” portalının “Startup School 2-AI for Green Solidarity” (Yaşıl həmrəylik naminə süni intellekt) layihəsinin 5 ən yaxşı komandasının üzvləri ilə görüşüb.
Prof. Dr. Vüsal Qasımlı bildirib ki, “Enterprise Azerbaijan” portalının həyata keçirdiyi “Startup School” layihələri inkubasiya, akselerasiya və investisiyalara çıxış mərkəzi kimi Azərbaycanın startap ekosistemində özünəməxsus yer tutub.
“Enterprise Azerbaijan” portalının rəhbəri Mətanət Musayeva isə “Startup School 2”nin gedişatı barədə məlumat verərək qeyd edib ki, layihəyə Azərbaycandan və dünyanın müxtəlif ölkələrindən 121 komanda müraciət edib, onlardan 41-i seçilərək onlayn təlimlərə cəlb olunub. Sonra 10 layihə növbəti mərhələyə vəsiqə qazanıb. Münsiflər heyətinin qərarı ilə onlardan 5 ən yaxşı komanda seçilib və hakaton mərhələsinə keçib.
“Startup School 2” layihəsinin mentorlarından olan Almaniyanın Süni İntellekt Araşdırma Mərkəzinin professoru Nicat Mehdiyev isə seçilmiş layihələrin startap ekosistemində diqqət cəlb edəcəyinə əminliyini ifadə edib.
Daha sonra Naxçıvan Dövlət Universitetinin “AGROCHAT”, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “ClearPath Shepherd”, Lənkəran Dövlət Universitetinin “PlantGenic”, KTN Aqrar Tədqiqatlar Mərkəzinin “FOODSORT”, Çexiyanın “CZU Pragua” Universitetinin “YellowGo” komandalarının üzvləri öz layihələrini təqdim ediblər. Komanda üzvlərinə yeni tapşırıqlar verilib və hakatona qədər layihələrin təkmilləşdirilməsi ilə bağlı tövsiyyələr irəli sürülüb.