Dövlət və özəl qurumların nümayəndələrinin iştirak etdiyi Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının iclasında əməkdaşlıq imkanları müzakirə edilib.
Bakıda Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının 5-ci iclası keçirilib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Səudiyyə Ərəbistanının Palatalar Federasiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə hər iki ölkədən rəsmi şəxslər və iş adamları iştirak ediblər.
İclasda iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev və Səudiyyə Ərəbistanının Palatalar Federasiyasının İdarə Heyətinin sədri Həsən Əl-Huvaizi iki ölkə arasında iqtisadi-ticarət əlaqələri, investisiya qoyuluşu və ixrac imkanları barədə fikirlərini bölüşüblər.
İşgüzar Şuranın həmsədrləri – “Al Rajhi İnternational for İnvestment” şirkətinin baş icraçı direktoru Əhməd Əli Əl Daxil və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov, Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki səfiri İssam bin Saleh əl-Cuteyli, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev və İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev işgüzar dairələr arasında ticarət və investisiya sahəsində əlaqələrin genişləndirilməsi perspektivləri, Azərbaycanda yerli və xarici iş adamlarına göstərilən dəstək və xidmətlər, İşgüzar Şuranın fəaliyyəti barədə məlumat veriblər.
Tədbir çərçivəsində həmçinin, hər iki ölkənin iş adamlarının iştirakı ilə birgə təşəbbüslərin və layihələrin reallaşdırılması, işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsi sahəsində Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının rolunun gücləndirilməsi, qarşılıqlı investisiyaların təşviqində KOB-ların rolunun artırılmasına dair fikir mübadiləsi aparılıb, təqdimatlar və iş adamları arasında B2B görüşlər keçirilib.
Qeyd: Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurası 2022-ci ildə yaradılıb. Hər iki ölkədən biznes nümayəndələrinin təmsil olunduğu İşgüzar Şura sahibkarların təşəbbüslərini dəstəkləyir, onlar arasında birbaşa əlaqələrin qurulmasına, qarşılıqlı səfərlərin, görüşlərin və müxtəlif tədbirlərin təşkilinə kömək edir, iş adamları arasında informasiya mübadiləsini həyata keçirir.