
Rabitəbankın Riteyl Bankçılıq üzrə İcraçı direktoru Fəxri Bağıyev ilə müsahibə
Fəxri müəllim, BBN.az adından müsahibə təklifimizi qəbul etdiyiniz üçün təşəkkür edirik. Rabitəbankın müştəri yönümlü yanaşması, rəqəmsallaşma istiqamətində atdığı addımlar və son dövrlərdə əldə etdiyi uğurlar oxucularımız üçün xüsusilə maraqlıdır.
Fəxri Bağıyev: Dəvətinizə görə təşəkkür edirəm. Rabitəbank olaraq, daima müştəri məmnuniyyətini və maliyyə inklüzivliyini ön planda tutmağa çalışırıq. Riteyl bankçılıq sahəsində atdığımız hər bir addım ölkə əhalisinin gündəlik maliyyə ehtiyaclarını daha rahat və sürətli şəkildə qarşılamağa xidmət edir.
Rabitəbankın 2025-ci ilin II rübü üzrə hesabatına baxdıqda son altı ayda fiziki şəxslərin depozitlərində 8.17%-lik artım müşahidə olunur. Bu artımı necə şərh edərdiniz?
Fəxri Bağıyev: Bəli, bu, çox vacib və sevindirici göstəricidir. 2024-cü ilin sonunda 461 milyon 954 min manat olan fiziki şəxslərin depozit portfeli, 2025-ci ilin ortalarında 499 milyon 698 min manata çatıb. Bu artım müştərilərimizin bankımıza olan etimadının göstəricisidir. Biz rəqabətə davamlı faiz şərtləri, məhsul çeşidliliyini artırmaq və xidmət keyfiyyətini yüksəltmək sayəsində bu nəticəni əldə etdik.
Rabitəbank olaraq əsas hədəfimiz, müasir maliyyə xidmətlərini hər kəs üçün əlçatan və faydalı etməkdir. Riteyl bankçılıq sahəsində atdığımız hər addım təkcə məhsul yönümlü deyil, həm də insan yönümlüdür. Biz bankçılığı sadəcə əməliyyatlar deyil, münasibətlər üzərindən qurmağa çalışırıq.
2025-ci ilin ilk yarısında istehlak kreditləri üzrə 12.27%-lik artım qeydə alınıb. Bu dinamikanı necə qiymətləndirirsiniz? Artım tendensiyasını şərtləndirən əsas faktorlar hansılardır?
Fəxri Bağıyev: Ümumilikdə, 2025-ci ilin ilk yarısı Rabitəbank üçün sabit və dayanıqlı böyümə dövrü olub. Depozit portfelində artım müştəri etimadını, kredit portfelindəki genişlənmə isə iqtisadi aktivliyi və bankın müştəri yönümlü strategiyasını əks etdirir.
Bu artım, əslində həm bank sektorunda, həm də istehlak bazarında baş verən mühüm dəyişikliklərin göstəricisidir. Əvvəla, Rabitəbank olaraq biz son illərdə rəqəmsal bankçılığın inkişafına xüsusi diqqət yetirmişik. Müştərilər artıq kredit müraciətini evdən çıxmadan, mobil tətbiq və ya internet bankçılıq vasitəsilə edə bilir.
Nəticədə, 2024-cü ilin sonu ilə müqayisədə portfelimiz 35.9 milyon manat artaraq 329.4 milyon manata yüksəlib. Bu, bizim müştəriyə uyğunlaşdırılmış kredit şərtlərimiz, rəqəmsal həllərimiz və geniş xidmət şəbəkəmiz sayəsində mümkün olub. Əsas hədəfimiz isə bu artımı sağlam kredit portfeli çərçivəsində davam etdirmək və müştərilərimiz üçün dayanıqlı maliyyə həlləri təqdim etməkdir.
Son hesabata əsasən, daşınmaz əmlak kreditləri üzrə portfeldə 10.87%-lik artım müşahidə olunub. Mənzil kreditlərinə olan bu artan marağı necə izah edərdiniz?
Fəxri Bağıyev: Daşınmaz əmlak kreditlərindəki artım, əslində bazarda olan ümumi hərəkətliliyin və əhalinin mənzilə sahib olmaq istəklərinin real əksidir. Bugünkü sosial-iqtisadi kontekstdə insanlar, xüsusilə gənc ailələr və ilk dəfə ev alanlar üçün daha əlverişli və uzunmüddətli ödəniş imkanlarına üstünlük verirlər. Biz də Rabitəbank olaraq bu ehtiyaca uyğun şəkildə ipoteka kreditini daha əlçatan şərtlərlə təqdim edirik.
Nəticədə, 2025-ci ilin ilk altı ayında portfelimiz bu sahədə 16.9 milyon manat artaraq 172.5 milyon manata çatıb. Bu artım, təkcə bank olaraq bizim uğurumuz deyil, həm də insanların rifah səviyyəsinin və maliyyə planlaşdırma bacarığının yüksəldiyini göstərir. Məqsədimiz bu dinamikanı davam etdirmək və daha çox ailəni öz evinə qovuşdurmaqdır.
Regionlarda bank xidmətlərinin əlçatanlığını artırmaq üçün hansı addımlar atılır?
Fəxri Bağıyev: Bizim üçün regionlarda xidmət sahəsinin inkişafı strateji prioritetdir. 2025-ci il ərzində bir neçə yeni filialımızın açılması planlaşdırılıb. Bundan əlavə, mobil bankçılıq xidmətləri sayəsində regionda yaşayan müştərilər də bank əməliyyatlarını rahatlıqla yerinə yetirə bilir.
Rabitəbankın Riteyl bankçılığı sahəsində gələcək hədəfləri nələrdir?
Fəxri Bağıyev: Bankçılığın gələcəyi təkcə texnologiyada deyil, texnologiyanın insana verdiyi rahatlıq və dəyərdədir. Biz müştərilərimizin ehtiyaclarını proaktiv şəkildə öncədən müəyyən edib, onlara uyğun məhsul və xidmətləri təqdim edən bir modelə keçid edirik. Müştərini tanıyan, ehtiyacını anlayan və onun üçün dəyər yaradan bir bank olmaq üçün texnologiya ilə insani yanaşmanı birləşdirən həllər hazırlayırıq.
Sonda oxucularımıza və müştərilərinizə nə demək istərdiniz?
Fəxri Bağıyev: Rabitəbank olaraq hər zaman müştərilərimizin yanında olmuşuq və olmağa davam edəcəyik. Bizi seçən hər bir müştəriyə təşəkkür edir və daha güclü, daha innovativ və daha rahat bank təcrübələri üçün onları bankımızın məhsul və xidmətlərindən faydalanmağa dəvət edirəm.







