Home » Bir mühazirədən başlayan yol – bank sektorunun zirvəsinə doğru

Bir mühazirədən başlayan yol – bank sektorunun zirvəsinə doğru

Xalq Bankın Xəzinədarlıq İdarəsinin rəisi Fərəc Axundov bank-maliyyə sektorundakı uğur yolunu, şəxsi prinsiplərini və gənclərə tövsiyələrini bölüşür.

by Zeyneb
0 comments 20 views 15 minutes read

I. Giriş və tanışlıq

1. Özünüzü necə təqdim edərdiniz?

Mənim adım Fərəc Axundovdur, iqtisadiyyat üzrə fəlsəfə doktoruyam və hazırda Xalq Bankda Xəzinədarlıq İdarəsinin rəisi vəzifəsində çalışıram.

2. Bank-maliyyə sektoruna yolunuz necə düşdü? Uşaqlıqda xəyal etdiyiniz peşə bu idimi, yoxsa yol sizi bura gətirdi?

2007-ci ildə məktəbi bitirəndə qarşımda mühüm bir seçim dayanmışdı: hansı ixtisasa qəbul olum və gələcəkdə özümü hansı sahədə görürəm? O illərdə neft sektoru ən nüfuzlu sahələrdən biri idi, demək olar ki, hər kəs BP, Exxon və ya Schlumberger kimi beynəlxalq şirkətlərdə işləməyi arzulayırdı. Mənim də ilk məqsədim məhz bu idi.

Lakin qəbul imtahanlara hazırlaşdığım dövrdə həyatımda dönüş nöqtəsi yaşadım. Riyaziyyat müəllimim bizə tez-tez məntiqi tapşırıqlar verirdi və mən bu tapşırıqlarla yaxşı öhdəsindən gəlirdim. Bir gün o mənə dedi: “Səndə analitik təfəkkür güclüdür, bəlkə rəqəmlərlə bağlı sahəni sınayasan. İqtisadi kibernetika adlı bir ixtisas var.” Ardınca da izah etdi ki, bu sahə iqtisadiyyatı, proqramlaşdırmanı və riyaziyyatı özündə birləşdirir. Bu mənə maraqlı gəldi və nəticədə mən Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsinin “İqtisadi kibernetika” ixtisasına qəbul oldum.

Artıq birinci kursun ilk həftəsində bizdə “Bank işi” adlı fənn keçilirdi və onu professor Murad Tağıyev tədris edirdi. Onun mühazirələri o qədər maraqlı və təsirli idi ki, mən bank sahəsinə sözün əsl mənasında vuruldum. O dərsdən sonra qəti qərara gəldim ki, gələcəyimi bank işi ilə bağlayacağam.

Bundan sonra mənim yolum təbii şəkildə davam etdi. Bakalavr dövründə dissertasiyamı pul kütləsinin tədqiqinə həsr etdim. Magistraturada bank sektoru ilə bağlı araşdırmalar apardım. Daha sonra doktoranturaya qəbul olundum və burada mənim elmi rəhbərim yenidən professor Murad Tağıyev oldu. Onun rəhbərliyi altında Azərbaycan Respublikasinda dövlət qiymətli kağızlarının bazarlm modelləşdirilməsi  mövzusunda dissertasiyamı müdafiə etdim.

Deyə bilərəm ki, mənim peşəkar yolum sadə bir maraqdan — bir mühazirədən başladı, amma zamanla həyatımın əsas işinə çevrildi.

3. İlk iş gününüzü xatırlayırsınız? Hansı hissləriniz yadınızda qalıb?

Mən ilk iş günümü çox yaxşı xatırlayıram. Həmin günün ab-havası mənim üçün böyük motivasiya oldu. Çünki əvvəllər yalnız filmlərdə gördüyüm səhnələri indi canlı şəkildə qarşımda görürdüm: ofis mühiti, işçilərin öz peşəkar fəaliyyəti, kartla giriş-çıxış, pullar və köçürmələr haqqında söhbətlər — bunların hamısı artıq real idi, həyatın bir parçası idi.

Mənim üçün bu sadəcə bir iş günü deyildi, bu, arzunun gerçəyə çevrilməsi idi. Çünki illərlə təsəvvür etdiyim mühitin içində olmaq, o prosesi yaxından görmək mənə çox böyük ilham verdi

Həmin anda sanki içimdə bir rahatlıq yarandı: düzgün yerdəyəm, doğru yoldayam. Valideynlərimin tez-tez dediyi bir ifadə var: “niyyətin hara, mənzilin də ora”. Mənim ilk iş günüm də bu sözlərin canlı təsdiqi oldu.

II. Təhsil və bilik-bacarıqlar

1. Aldığınız ixtisas üzrə təhsil, karyera həyatınıza necə təsir etdi?

Mən bakalavr təhsilimi Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsində “İqtisadi kibernetika” ixtisası üzrə aldım. Daha sonra magistraturanı da eyni ixtisas üzrə davam etdirdim və fərqlənmə diplomu ilə bitirdim. Həmin vaxt artıq işləməyə başlamışdım və iş təcrübəsi ilə akademik bilikləri paralel aparmaq mənə böyük stimul verirdi. Bu da məni doktoranturaya gedən yola çıxardı. Doktoranturanı Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunda davam etdirdim.

Bu ixtisas mənə çox geniş imkanlar və biliklər verdi ki, bu gün də işimdə onlardan istifadə edirəm. “İqtisadi kibernetika” üç əsas sahəni birləşdirir: iqtisadiyyat, proqramlaşdırma və riyaziyyat. Əlavə olaraq təhsilimizdə maliyyə riyaziyyatı, oyunlar nəzəriyyəsi və optimallaşdırma metodları kimi fənlər də var idi.

Hər biri özlüyündə faydalıdır, amma mən xüsusilə maliyyə riyaziyyatının əhəmiyyətini vurğulamaq istərdim. Bank işi, əslində, faizlərin hesablanması, optimallaşdırılması, gəlirliliyinin ölçülməsi kimi hesablamalara əsaslanır. Bu səbəbdən maliyyə riyaziyyatı birbaşa bankçılığın mərkəzində dayanır. Təəssüf ki, bütün universitetlərdə bu fənnə kifayət qədər diqqət ayrılmır, amma əslində bu istiqamət bankçılıq üçün ən vacib biliklərdən biridir.

İqtisadiyyat bilikləri mənim bankın maliyyə və uçot işlərində, proqramlaşdırma bilikləri isə layihələrdə texniki məsələləri anlamaqda çox kömək edir. Hətta bəzi hallarda proqramlaşdırmanın və avtomatlaşdırmanın necə işlədiyini bilmək, layihələrin uğurla icra olunmasına dəstək olur. Mən bütün proqramlaşdırma dillərini bilmirəm və mürəkkəb proqramları yaza bilmirəm, amma proqramların iş prinsiplərini, sadə dilləri və avtomatlaşdırmanın necə işlədiyini başa düşmək işimdə çox faydalıdır.

2. Bu sahədə uğurlu olmaq üçün hansı şəxsi keyfiyyətlər vacibdir?

Bank sektorunda uğur qazanmaq üçün ən vacib şəxsi keyfiyyətlərdən biri, şübhəsiz ki, məsuliyyət və stresə davamlılıqdır. Çünki biz rəqəmlərlə işləyirik və bir səhv böyük problemlərə səbəb ola bilər. Təbii ki, riyaziyyat biliyi, öyrənmə istəyi və maraq da vacibdir, amma əsas iki keyfiyyət məhz bunlardır.

3. Təhsilinizdən kənar hansı bilikləri işdə daha çox tətbiq edirsiniz?

Təhsildən kənarda mənim işimdə ən çox kömək edən biliklər psixologiya ilə bağlıdır. Çünki bank sadəcə maliyyə qurumu deyil, həm də xidmət sektorudur və burada əsas iş insanlarla ünsiyyətdir. Müştəri ilə hər bir görüş, hər bir söhbət əslində, bir psixoloji prosesdir.

İnsan davranışını anlamaq, onların nə istədiyini düzgün oxumaq və ən əsası, stresli vəziyyətlərdə sakitliyini qoruyub düzgün qərar vermək bu sahədə çox vacibdir. Müştərinin gözləntilərini başa düşmək, onu dinləmək və ona uyğun həll təqdim etmək bəzən texniki bilikdən daha çox rol oynayır.

Mən hesab edirəm ki, xidmət sahəsində uğurun əsas sirri insanı anlamaqdan keçir. Yəni bank işi yalnız rəqəmlərlə hesab aparmaq deyil, həm də insan psixologiyasını dərk edib, doğru yanaşmanı seçməkdir. Bu bacarıq mənim gündəlik işimdə ən çox tətbiq etdiyim və dəyər verdiyim biliklərdən biridir.

4. Beynəlxalq və yerli sertifikatlar, ixtisasartırma təlimləri keçmisinizmi? Hansıları sizin üçün ən faydalı olub?

Beynəlxalq və yerli sertifikatlar, ixtisasartırma təlimləri də keçmişəm və hamısı mənim üçün faydalı olub. Xalq Bankının rəhbərliyi hər zaman bütün əməkdaşlar üçün inkişaf və öyrənmək imkanları yaradıb və mən də bir əməkdaş kimi bu imkanlardan faydalanmışam. Bu sayədə maraqlı təlimlərdə iştirak etmiş, beynəlxalq kurslara qatılmış və ümumilikdə davamlı öyrənmək fürsəti əldə etmişəm. Ən dəyərli və önəmli sertifikatlarımı və təlimləri məhz Xalq Bankında işlədiyim dövrdə qazanmışam və buna görə hər zaman rəhbərliyə minnətdaram.

Əlbəttə, sertifikatlar özü hədəf deyil. Əsas olan insanın məqsədyönlülüyü və öyrənmək istəyidir, sertifikat isə sadəcə bu niyyətin göstəricisidir. Mən hesab edirəm ki, həm yerli, həm də beynəlxalq sertifikatların əldə edilməsi insanın həm biliklərinə, həm də karyerasına əlavə dəyər qatır.

III. Uğur və nailiyyətlər

1. İndiyə qədər qazandığınız ən böyük peşəkar nailiyyət nədir?

Karyeram boyunca hər bir vəzifə yüksəlişi — kiçik mütəxəssisdən mütəxəssisə, sonra daha yüksək vəzifələrə keçmək. O anda üçün mənim üçün ən böyük uğur olub. Amma ən böyük nailiyyətim həqiqətən Xalq Bankının rəhbərliyinin mənə göstərdiyi etimad, məni rəhbər vəzifəyə təyin etmələridir. Bu həm böyük məsuliyyət, həm də şansdır. Hər gün çalışıram ki, bu etimadı doğruldum, komandaya və bankın uğurlarına öz töhfəmi verim. Mənim üçün bu, karyeramdakı ən dəyərli uğurdur və hər gün bu etimadı qorumağa çalışıram.

2. Ən çətin, amma uğurla başa çatdırdığınız layihə hansı olub?

İllər ərzində bir çox layihələrdə iştirak etmişəm, xüsusilə avtomatlaşdırma və yeni sahələrin inkişafı ilə bağlı. Lakin xüsusi olaraq vurğulamaq istədiyim layihə bankın investisiya xidmətləri üzrə lisenziya almasıdır. Bu gün Xalq Bankı Azərbaycanda müştərilərə investisiya xidmətləri təqdim edən yeganə bankdır.

Bu layihənin inkişafında Bankın strateji plan mövcuddur. əsas məqsəd investisiya xidmətlərini həm əlçatan, həm də bütün müştərilər üçün səmərəli etmək idi. Bu, yalnız texniki və hüquqi məsələlərin həlli deyil, həm də müştəri yönümlü yanaşmanın tətbiqi, xidmətlərin bazara uyğunlaşdırılması deməkdir.

Bu layihə bütün komandamız üçün böyük qürurdur: hər bir əməkdaş, hansı vəzifədə olmasından asılı olmayaraq, bu nəticəyə töhfə verib. Mənim üçün bu layihə komandamızın əməkdaşlığı, peşəkarlığı və ambisiyalarının simvoludur, həmçinin bankın strateji inkişaf yolunda əhəmiyyətli addımdır.

3. Şəxsi həyatınızda işiniz sayəsində əldə etdiyiniz ən böyük uğur nə olub?

Şəxsi həyatımda isə ən böyük uğurum iqtisad üzrə fəlsəfə doktoru adını qazanmağımdır. 2014-cü ildə doktoranturaya qəbul oldum və yalnız 2021-ci ildə elmi işimi müdafiə edərək bu elmi dərəcəni qazandım. Yeddi illik bu yol mənim üçün həm ən uzun, həm də ən məsuliyyətli təhsil mərhələsi oldu.

Mən deyərdim ki, doktorantura sadəcə elmi dərəcə almaq üçün bir proses deyil, həm də böyük bir həyat məktəbidir. Orada mən məqsədyönlülük, səbr və uzunmüddətli nəticəyə fokuslanmağı öyrəndim. Bu 7 illik təcrübə mənə həm akademik, həm də peşəkar həyatda güclü dayaq verdi.

Bu müddət ərzində çox şey dəyişdi  həm ölkədə, həm də şəxsi həyatımda amma seçdiyim mövzu aktuallığını qorudu və bu gün daha da önəmli olub, çünki iqtisadi proseslər və rəqəmsallaşma sürətlə inkişaf edir.

Bu, bankdakı praktik təcrübəm sayəsində mümkün oldu. Elmi rəhbərim mənim nəzəri tərəfdən işimi yönləndirirdi, praktik bilikləri isə bankda işlədiyim zaman əldə etdim. Praktik və nəzəri biliklərin birləşməsi mənə keyfiyyətli dissertasiya yazmağa imkan verdi. Ona görə hesab edirəm ki, elmi uğurum bankdakı peşəkar fəaliyyətimlə birbaşa bağlıdır.

 

IV. İş həyatının kulis tərəfləri

1. Sizin üçün iş gününün ən maraqlı hissəsi hansıdır?

Ümumiyyətlə, Xəzinədarlıq işi özü çox maraqlı sahədir. Çünki bank daxilində gedən demək olar ki, bütün proseslər birbaşa və ya dolayı yolla xəzinədarlıqdan keçir. Bu da işin daim dinamik və məsuliyyətli olmasını təmin edir.

Mənim üçün isə ən maraqlı hissə məhz banklararası əməliyyatların bağlanmasıdır. Çünki bir əməliyyatı həyata keçirmək üçün çox qısa zaman ərzində bazarı analiz etmək, ən yaxşı təklifi hesablamaq, qiymətlərin hansı istiqamətdə hərəkət edəcəyini təxmin etmək və bir çox digər amilləri nəzərə almaq lazımdır. Yəni hər şey sürət, dəqiqlik və düzgün qərar üzərində qurulur.

Ona görə də mən deyərdim ki, hər bir banklararası əməliyyat əslində “adrenalin rejimində” baş verir. Hər uğurlu əməliyyat isə yalnız peşəkar bacarıqların deyil, həm də çevik qərarvermə qabiliyyətinin nəticəsidir. Bu dinamika mənim işimə xüsusi maraq və enerji qatır.

2. Bankdakı işinizdə ən böyük çətinlik nə olur və onun öhdəsindən necə gəlirsiniz?

Ən çətin günlər adətən ayın sonuna və bayramqabağı dövrlərə təsadüf edir. Bu zaman həm müştəri sorğularının sayı kəskin artır, həm də ödənişlər, maaş köçürmələri və digər əməliyyatların həcmi bir neçə dəfə yüksəlir. İşin tempi sürətlənir, yük isə qat-qat artır.

Belə hallarda əsas çətinlik operativliyi qorumaq və heç bir gecikməyə yol verməməkdir. Bunun öhdəsindən gəlmək isə həm şəxsi təcrübə, həm də komanda işi hesabına mümkün olur. Təcrübə artdıqca insan daha diqqətli, daha foksulanmış işləməyi öyrənir, müəyyən vərdişlər formalaşır və sanki “konveyer rejimində” işləmək bacarığı yaranır. Amma burada ən önəmli amillərdən biri komandadakı koordinasiya və qarşılıqlı dəstəkdir. Çünki belə gərgin günlərdə hər kəs bir-birinə arxa olur və işin uğurla nəticələnməsi məhz komanda sinxronluğundan asılıdır.

3. İşinizdə ən çox zövq aldığınız məqam nədir?

Mənim üçün işimin ən maraqlı tərəfi bank sektorunda rəqabətin daim mövcud olmasıdır. Azərbaycanda bank sektoru kifayət qədər inkişaf edib və demək olar ki, bütün banklar müştəriləri cəlb etmək üçün bir-biri ilə rəqabət aparır. Bu rəqabət isə daim yaradıcı düşünməyə, yeni ideyalar üzərində işləməyə, innovativ məhsullar təklif etməyə və komissiyaları daha cəlbedici etməyə vadar edir.
Mənə xüsusi zövq verən məqam isə məhz bu “xüsusi” olanı tapmaqdır. Çünki hər bir bank müştərini cəlb etmək üçün özünəməxsus üstünlük göstərməyə çalışır. O üstünlüyü düşünmək, formalaşdırmaq və həyata keçirmək isə həm peşəkar maraq, həm də şəxsi motivasiya yaradır.

Əgər fürsətdən istifadə edib məhsullardan danışsaq, qeyd etməliyəm ki, Xalq Bank bu sahədə bir sıra unikal üstünlüklərə malikdir. Biz Azərbaycanda investisiya xidmətləri təqdim edən ilk və yeganə bankıq. Bundan əlavə, hazırda həm fiziki, həm də rəqəmsal formada qiymətli metallar ilə işləyən bank olaraq bazarda xüsusi mövqeyə sahibik. Bu isə həm müştərilər üçün yeni imkanlar açır, həm də bizim işimizi daha maraqlı və dinamik edir.

4. Bankda hamının bilmədiyi, amma sizin gündəlik işinizin bir hissəsi olan “gizli” proseslər varmı?

Bankda hamıya görünməyən, amma mənim gündəlik işimdə çox əhəmiyyətli olan bir yanaşmam var. Mən işimi səmərəli və sistemli aparmaq üçün elektron təqvimdən və xatırlatmalardan istifadə edirəm. Hər görüşü, hesabatı və yoxlamalı olduğum işi təqvimə qeyd edir, xatırlatmaları aktiv edirəm. Bu üsul mənə həm vaxtımı düzgün idarə etməyə, həm də heç bir işi unutmayaraq vaxtında yerinə yetirməyə imkan verir. Bəzi insanlar bu metodları bilsələr də, hər kəs praktikada istifadə etmir. Mənim üçün bu kiçik “gizli alət” gündəlik fəaliyyətimi xeyli asanlaşdırır və işimi daha keyfiyyətli etməyə kömək edir.

VI. İnsan tərəfi və balans

1. Stressli günlərdə özünüzü necə motivasiya edirsiniz?

Stressli günlərdə motivasiyam əsasən məqsədimdən və uğur anlayışımdan gəlir. Mən həyatı belə görürəm ki, hər bir məqsədə gedən yol həmişə düz və asan olmur, amma nəticə səylərə dəyər. Stressli günlər mənim üçün sadəcə özümü sınamaq fürsətidir. Hər bir stres vəziyyəti bir çağırışdır insan özünü idarə etməlidi, soyuqqanlı qalmalıdı və hər situasiyada nəzarəti itirməməlidir. Belə anlarda mən sakit qalmağa, prioritetləri düzgün müəyyənləşdirməyə və diqqətimi itirməməyə çalışıram.

Bank işi xüsusilə bu cəhətdən maraqlıdır bəzən birdən çox əməliyyat, mürəkkəb hesabatlar və ani qərarlar eyni vaxtda tələb olunur. Mən bu vəziyyətləri bir növ “peşəkar idman zalı” kimi qəbul edirəm. Hər gərgin gün özümü idarə etməyi, soyuqqanlı qalmağı və maksimum nəticə üçün fokuslanmağı öyrədir. Nəticədə bu yanaşma həm mənim motivasiyamı qoruyur, həm də işdə daha səmərəli olmağımı təmin edir.

2. İş və şəxsi həyat balansını qorumaqda ən çox hansı üsullardan istifadə edirsiniz?

İş və şəxsi həyat balansını qorumaqda əsas prinsiplərimdən biri tənbəlliyə qalib gəlməkdir. Bunun üçün ilk addım olaraq, idmanla məşğul olmağa çalışıram. Həftənin əvvəlindən xüsusilə bazar ertəsindən idmanla başlamaq mənim üçün çox vacibdir, çünki bu, enerjimi artırır, diqqətimi toplamağa kömək edir və günün digər işlərinə daha məhsuldar yanaşmağa imkan yaradır. İdman həm fiziki, həm də psixoloji cəhətdən balansı qorumaq üçün vacib vasitədir.

İş günündən sonra isə diqqətimi ailəyə, yaxınlara və şəxsi həyatımın digər sahələrinə yönəldirəm. Hər gün müəyyən vaxtı sevdiyim insanlara ayırmaq mənim üçün önəmlidir, çünki bu, həm emosional sağlamlığı qoruyur, həm də işdə daha səmərəli olmağa imkan verir.

Təbii ki, bəzən iş layihələri böyük fokus tələb edir. Belə anlarda balans müvəqqəti pozula bilər, amma mən bu vəziyyəti qəbul edirəm və çalışıram yalnız işə fokuslanım. Bu müddət keçdikdən sonra şəxsi həyatımı və gündəlik rutinimi bərpa edirəm, beləliklə balans yenidən təmin olunur.

Ümumiyyətlə, mənim üçün iş və şəxsi həyat balansını qorumaq davamlı prosesdir. Bu, həm vaxtın idarə olunması, həm məqsədyönlü yanaşma, həm də sağlam həyat tərzi ilə birbaşa bağlıdır. İş və şəxsi həyatı düzgün balanslaşdırmaq insanın enerjisini artırır, stressi azaldır və uzun müddətli perspektivdə həm karyerada, həm də şəxsi həyatda uğur gətirir.

3. Maliyyə sahəsində işləmək sizin şəxsi maliyyə vərdişlərinizi dəyişibmi?

Maliyyə sahəsində işləmək şəxsi maliyyə vərdişlərimə böyük təsir göstərib. Əslində, işdə formalaşan bir çox vərdişlər şəxsi həyatımda da tətbiq olunuramma mən xüsusilə ən vacibini qeyd etmək istəyirəmBu vərdişim bütün müqavilələritəlimatları və sənədləri sona qədər diqqətlə oxumaqdır.

Bu vərdişim karyeramın başlanğıcında formalaşmağa başladı. Hələ bankda işləməyə başladığım zaman birbaşa rəhbərim Şahverdiyeva Natella məndən hər sənədi sona qədər oxumağı tələb edirdi. Hətta sənədlərin həcmidən asılı olmayaraq və ya işin əhəmiyyəti az görünsə də, rəhbərim hər zaman diqqətlə tanış olmağı vurğulayırdı. O vaxt mən tam olaraq dərk etmirdim ki, sənədlərin şərtlərini bilmək mənim üçün nə qədər faydalı olacaq.

Zaman keçdikcə bu vərdiş mənim üçün təbii hal aldı və artıq gündəlik işimdə və şəxsi həyatımda norma çevrildiHər hansı maliyyə qərarı verməzdəəvvəl şərtlərlə tam tanış olmaq mənə həm məsuliyyətli olmağı, həm də riskləri düzgün qiymətləndirməyi öyrətdiBuhəm işdə, həm də şəxsi həyatda daha diqqətliplanlı və etibarlı qərarlar verməyimə imkan yaradır.

Hətta bu gün belə, mən bütün yuxarı rəhbər heyətə qarşı dərin minnətdarlıq hissi duyuram, çünki onlar bankda işlədiyim ilk gündən bu günə kimi mənim üçün nümunəvi liderlik göstəriblər. Hələ də onlardan öyrənəcək çox şey var və hesab edirəm ki, hər kəsə belə peşəkar rəhbərlik altında işləmək nəsib olmur.

4. Ən çox hansı bacarığınız bu sektorda işinizə yarayıb?

Ən çox işimdə faydalı olan bacarığımdan danışmaq lazımdırsa, bu şübhəsiz ki, xarici dilləri yaxşı bilməkdir. Mənim işimin böyük bir hissəsi xarici banklar və təşkilatlarla ünsiyyətlə bağlıdır, və dil baryeri böyük çətinliklər yarada bilərdi. Xoşbəxtlikdən, orta məktəbdən başlayaraq xarici dillər mənim təhsil prosesimin bir hissəsi olub.

Mən hesab edirəm ki, hər hansı bir dil bilmək hər bir əməkdaş üçün əlavə üstünlükdür. Daha çox dil bilmək həm şəxsi inkişaf, həm də karyera üçün böyük üstünlükdür, çünki hər zaman biliklərinizi tətbiq edə biləcəyiniz bir sahə tapmaq mümkündür. Xarici dillər mənə beynəlxalq mühitdə rahat işləmək, məlumatları vaxtında əldə etmək və düzgün ünsiyyət qurmaq imkanı verib, bu da bank sektorunda uğur qazanmaq üçün əvəzolunmazdır.

 

VII. Gələcəyə baxış və məsləhətlər

1. Bank-maliyyə sektoruna gəlmək istəyən gənclərə hansı məsləhətləri verərdiniz?

Bank-maliyyə sektoruna gəlmək istəyən gənclərə birinci və əsas məsləhətim – heç vaxt təslim olmamaqdır. Bu sahəyə qədəm qoyanda hər şey birbaşa yüksək mövqedən başlamır, adətən kiçik addımlarla başlayırsan və zamanla inkişaf edirsən. Əsas olan – daim öyrənmək istəyi, özünü inkişaf etdirmək və bacarıqlarını artırmaq.

Mənim tövsiyəm həm də budur ki, gənclər analitik düşüncələrini inkişaf etdirsinlər, müxtəlif təlimlərdə iştirak etsinlər və hər fürsəti öyrənmək üçün dəyərləndirsinlər. Yaxşı ünsiyyət bacarığı və komandada işləməyi öyrənmək də çox önəmlidir. Özünü daim təkmilləşdirmək, yeni biliklər qazanmaq və maraq göstərmək uğur üçün vacib amillərdəndir. Ümumiyyətlə, səbrli olmaq, öyrənməyə açıq olmaq, hər bir kiçik təcrübəni gələcək uğur üçün bir addım kimi görmək və öz üzərində işləmək bank-maliyyə sektorunda uğur qazanmağın əsas açarlarıdır.

2. Sektorda texnologiya və rəqəmsallaşma sizin işinizə necə təsir edib?

Texnologiya və rəqəmsallaşma mənim işimə böyük təsir edib. Bank sektoru sürətlə dəyişir və bizim əsas məqsədimiz müştərilər üçün xidmətləri daha rahat və əlçatan etməkdir. Şəxsi təcrübəmdə görürəm ki, bir neçə il əvvəl əməliyyat etmək üçün mütləq bank filialına getmək və sənəd imzalamaq lazım idi. Bu gün isə smartfondakı bir neçə klik kifayətdir və əməliyyat uğurla həyata keçirilir. Rəqəmsallaşma işimizi həm də daha sürətli və effektiv edir. Mən gündəlik işimdə elektron sistemlər və rəqəmsal alətlərdən istifadə edirəm, bu da həm vaxtı qənaət etməyə, həm də əməliyyatları daha düzgün və təhlükəsiz aparmağa imkan verir.Ancaq yeni texnologiyalarla birlikdə risklər də gəlir, məsələn, fırıldaqçılıq və kibertəhl ükəsizlik məsələləri. Bu səbəbdən hər zaman diqqətli olmaq, şübhəli əməliyyatları bankla dəqiqləşdirmək və müştəriləri də məlumatlandırmaq vacibdir. Ümumilikdə, texnologiya və rəqəmsallaşma maliyyə sektorunda inkişafın sürətini artırır və müştərilərə göstərilən xidmətin keyfiyyətini yüksəldir. Bu proses mənim üçün həm öyrənmək, həm də adaptasiya olmaq üçün maraqlı və faydalı bir təcrübədir.

3. Növbəti illərdə bu sahədə hansı dəyişiklikləri gözləyirsiniz?

Növbəti illərdə maliyyə sektorunda əsas dəyişikliklərdən biri kapital bazarında inkişaf və yeniliklərin aparılması olacaq. Banklar və investisiya şirkətləri birlikdə bazara əlavə stimul verəcək. Hazırda böyük infrastruktur layihələri aktivdir və bu sahədə ciddi artım gözlənilir.Bu, müştərilər üçün yeni investisiya imkanları, investorların hüquqlarının qorunması və sektorda iştirak edən hər kəs üçün əlavə gəlir deməkdir. Qısaca desək, yaxın illərdə maliyyə bazarında, xüsusilə investisiya bankçılığının inkişafı ilə bağlı, maraqlı və əhəmiyyətli yeniliklər olacaq.

4. İşinizdən öyrəndiyiniz ən böyük həyat dərsi nədir?

İşimdən öyrəndiyim ən böyük həyat dərsi iradəli və məqsədyönlü olmağın vacibliyidir. Həm işdə, həm də həyatda yol heç vaxt asan olmur bəzən qarşına gözlənilməz maneələr çıxır, bəzən isə sanki bütün səylərin nəticəsiz qalır. Mənim də həyatımda elə məqamlar olub ki, düşündüm bəlkə də daha davam etməyə dəyməz. Amma zamanla başa düşdüm ki, əsl güc insanın toparlanaraq yoluna davam etməsindədir. Əgər iradəli olub məqsədindən dönməsən, nə qədər çətinliklərlə üzləşsən də, nəticə mütləq gəlir. Uğur çox vaxt elə bir anda gəlir ki, sən artıq bütün gücünü sərf etdiyini düşünürsən. Mənim üçün ən böyük dərs geri çəkilməmək, qarşıya qoyduğun məqsədlərə doğru daim addımlamaqdır.

Bu nəticəyə mən xüsusilə cənab Prezident İlham Əliyevin 2012-ci ildə idmançılarla görüşdə söylədiyi nitqini dinləyəndən sonra daha dərindən inandım. O sözlər mənim üçün həyat dərsi oldu və bu günə qədər fəaliyyətimdə məni motivasiya edir. Prezidentin həmin çıxışı bu fəlsəfəni çox gözəl ifadə edir:
“Çünki biz heç bir sahədə əldə edilmiş uğurlarla kifayətlənmirik. Heç bir uğur, heç bir qələbə, heç bir inkişaf bizi sakitləşdirməməlidir və sakitləşdirmir. Biz daim irəliyə, gələcəyə baxmalıyıq.”

5. Sizi bir cümlə ilə necə təsvir etmək olar?

Hədəfim zirvə, dəyərim isə insanlardır

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.